Premyer Liqanın 8-ci turu bir neçə məşqçi və futbolçu üçün tamaşa meydanı olacaq.
Sportinfo.az xəbər verir ki, 5 məşqçi və 3 futbolçu həftəsonu keçiriləcək qarşılaşmaları kənardan izləyəcək.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, “Sumqayıt”ın çalışdırıcı Samir Abasovla köməkçisi Mübariz Orucov, “Qəbələ”nin məşqçiləri Rasim Ramaldanovla Xaqani Məmmədov cəzalı durumdadır.
Ötən tur qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalanan “Qarabağ”ın aparıcı siması Kevin Medina meydana çıxmaq imkanından məhrumdur.
6-cı turda “Sumqayıt”la matçda “qırmızı” alan “Zirə”li Pyer Zeblinin cəzası da davam etməkdədir.
“Neftçi”nin azarkeşləri komandanın ən sevilən simasının yoxluğuna üzüləcək. Müdafiənin dirəyi sayılan Yuri Matias “Zirə” ilə matçda mövsümdə dördüncü sarı vərəqəni aldığından bu həftə oynaya bilməyəcək.
Premyer Liqanın 8-ci turu çərçivəsində sentyabrın 29-da “Qarabağ” - “Sumqayıt”, bir gün sonra “Turan Tovuz” – “Neftçi”, “Səbail” – “Sabah”, oktyabrın ilk günündə isə “Kəpəz” – “Qəbələ”, “Araz-Naxçıvan” – “Zirə” oyunları baş tutacaq.
HƏBİB / SPORTİNFO.AZ

