“Neftçi”nin yüksək ödənişli futbolçusundan çəkdiyi nədir belə?

30 Mart 2023 20:00 Qarabağ 1 114
“Neftçi”nin yüksək ödənişli futbolçusundan çəkdiyi nədir belə?

“Neftçi”nin yüksək ödənişli futbolçularından olan Eddi İsrafilov komandasına lazım olan faydanı verə bilmir.

Səbəb Azərbaycan millisinin də şərəfini qoruyan futbolçunun daim zədədən əziyyət çəkməsidir.

Premyer Liqanın 27 turu geridə qalmasına baxmayaraq, Eddi cəmi 15 görüşdə meydanda olub. Və bunların 13-də start heyətində yer alıb.

Qış fasiləsindən öncə “Zirə” ilə qarşılaşmada xəsarət alan 30 yaşlı futbolçu çempionatın üçüncü dövrəsinin ilk 4 oyununda komandasına kömək edə bilməmişdi.

Sonrakı görüşlərdə “Səbail”ə qarşı 30, “Qarabağ”la oyunda 75, “Turan Tovuz”la dueldə 87, “Kəpəz”lə matçda 81, “Şamaxı” ilə qarşılaşmada 90 dəqiqə oynayıb.

“Neftçi”sevərlər İsrafilovun əvvəlki formasını bərpa etməsinə yenicə sevinmişdi ki, “14 nömrə” Azərbaycan millisinin Avstriya ilə görüşündə yenə sıradan çıxdı.

Və komandasının qarşıdakı “Zirə” və “Sumqayıt”la səfər oyunlarını bu dəfə də kənardan izləyəcək.

Eddinin zədələrdən əziyyət çəkməsi ortaya suallar çıxarır. Futbolçunun xroniki zədəsi var? Orqanizmindəki hansısa problem daim xəsarət almasını şərtləndirir? Müalicəsi düzgün aparılmır, yoxsa...?

Qaranlıq məqama aydınlıq gətirmək üçün “Neftçi”nin həkimi Şaiq Zöhrablı ilə əlaqə saxladıq:

“Eddinin zədəsi dekabrda “Zirə” ilə ilk kubok oyununda başlamışdı. Müayinədən sonra medial bağda birinci dərəcəli gərilmə aşkarlanmışdı. Müalicə edərək zədəsinin azalmasına nail olmuşduq.

Kubokun cavab qarşılaşmasında həmin nahiyədən ağrılar hiss etdiyindən, məşqçilər heyəti onu erkən əvəzləməli olmuşdu.

Növbəti müayinədən sonra medial bağda ikinci dərəcəli gərilmə aşkarlandı. Çünki eyni yerdən zərbə almışdı deyə, zədə bir az da ağırlaşmışdı.

Üstəlik, həmin yerdə qopma da var idi. Ona görə də qış toplanışında və qış fasiləsindən sonrakı 4 turda iştirak edə bilmədi. Biz onu tez qaytarmağa cəhd etsəydik, fasad daha ağır ola bilərdi.

Və mən sizə əminliklə deyirəm ki, Eddinin yerinə başqa futbolçumuz olsaydı, həmin nahiyədə qopma da ola bilərdi. İsrafilovun fiziki göstəriciləri onu qorudu.

Ağır zədədən sonra komandaya qoşulmuşdu və oyunlarda iştirak edirdi. Bu dəfə millidə zədələnməsi yuxarı medial bağda birinci dərəcəli dartılmaya görədir.

Yaxşı ki, ilk hissədən sonra meydanı tərk etdi. Əks halda zədə ikinci dərəcəyə qədər qalxa bilərdi.

Yəni Eddi İsrafilovun növbəti dəfə zədələnməsi xroniki zədə və ya orqanizm zəifliyinə görə deyil.

Rəqiblərlə mübarizədə aldığı normal zədədir. Hazırda müalicəsi ilə məşğuluq. “Zirə” ilə oyunda 100 faiz iştirak edə bilməyəcək. Eddi ilə 10 gün işimiz var”.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"