Premyer Liqanın 18-ci turunun "Qəbələ" və "Turan Tovuz" arasında baş tutan görüşün izləmək üçün Qəbələ şəhər stadionun ərazisinə ayaq basanda ilk diqqətimi çəkən azyaşlı uşaqların futbol oynaması oldu.
Böyüklərin oyununun startına 40 dəqiqə vaxt qaldığını görüb, istiqamət aldım uşaqların oyunu keçirilən meydançaya tərəf. 15 yaşlılar arasında keçirlən çempionat matçında "Qəbələ" "Kəpəz"i qonaq edirdi.
Təxminən 20-25 dəqiqəlik müşahidəm əsnasında meydandakı mübarizədən çox kənarda dayanan valideynlərin atmacaları daha diqqətçəkən oldu. Yadımda qalanları aşağıdakılardı:
"Bu da mənim milli oyunçum".
"Bundan futbolçu çıxar? Hələ öz mövqeyin tanımır".
"Belə hücumçu olar? Ətrafında heç kim yoxdur, gözünü yumub zərbəni hara vurursan?".
"Onu əvəzlə, flankəsi oyuna sal".
"Baş məşqçi nə elədiyin bilmir. Oyunu flankəsin üzərində qur, gör onda oyun necə gedir".
"Butcisinin bağı oyun başlayandan açıqdır. Ondan nə futbolçu olacaq?".
Bütün bu və bu kimi iradlar kənardakıların, futbolçuların aydın eşidə biləcəyi tonda səslənirdi.
Bu, hələ mənim izlədiyim bir oyunun 20-25 dəqiqəsi ərzində eşitdiklərimdən yadımda qalanlardı.
Allah bilir, ikinci yarıda nələr yaşanacaq, nələr deyiləcək.
Əslində irad tutulan futbolçuların nömrələrini, adlarını da qeyd edə bilərdim. Amma həmin uşaqların yazını oxumaq ehtimalların nəzərə alıb, məsələyə ümumi toxundum.
Məqsəd də futbolçular yox, valideynlərdir. Axı belə müdaxilələr nəyə lazımdır?
Uşaqlar meydanda sərbəst olmalı, sərbəst düşünməlidir.
Düzdü, kənardan etdiyiniz lazımsız müdaxilələrlə məqsədiniz, niyyətiniz valideyn kimi kömək etmək, dəstək olmaqdır.
Əmin olun ki, addımınız kökündən yanlışdır. Ən pis məşqçi də sizlərdən az bilmir. Ən azından işin içindədirlər.
İradlarınızı isə övladlarınıza demək üçün ev daha münasib yerdir. Daha aşkarda, komanda yoldaşlarının, məşqçilərin yanında abır aparmaq olmaz.
Təəssüf ki, illərdi deyilir, yazılır, amma bəzi valideynlər hələ də övladları üçün faydalı olan sadə həqiqəti qəbul etmək istəmirlər.
XANOĞLAN İMANOV

