Sportinfo.az xəbər verir ki, "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Premyer Liqanın 29-cu turunun "Sumqayıt"a qarşı matçında qeydə alınan 4:0 hesablı qələbəsini şərh edib.
- Sumqayıta qələbə ardınca gəlmişdik. Oyunumuz pis alınmadı. Bilirdim ki, futbolçularım "Zirə" ilə matçdan fərqli olaraq, bu gün daha yaxşı reaksiya verəcəkdilər. Ötən həftə oynadığımız oyuna hazırlıq zamanı bütün futbolçular bizimlə deyildi. Vaxtımız da az idi. Ancaq həftəboyu demək olar ki, bütün oyunçular sərəncamımda idi və oyuna yaxşı hazırlaşa bilmişdik.
- Nəticə oyuna görə oldu?
- Əlbəttə.
- Bu gün "Sabah" "Səbail"ə uduzdu. Komandanız qalib gələrək ikinci pillə ilə xal fərqini azaltmış oldu. Demək olar ki, ikinci yer uğrunda mübarizə daha da gərginləşir?
- Hər zaman dediyim kimi, indi də təkrarlayıram, oyundan-oyuna çalışacağıq uğurlu nəticələr qazanaq. Biz "Turan Tovuz"la oyuna yollanacağıq və matç süni örtüklü meydançada olacaq. Ondan üç gün sonra "Səbail"lə oynayacağıq, orada da süni örtüklü meydançadır. Bizim üçün çətin period olacaq. Çünki hazırda qarşımızda duran ən ali məqsəd kuboku qazanmaqdır.
- "Sumqayıt"ın baş məşqçisi bildirdi ki, "Neftçi" çempionatda rəqibə ən çox qol epizodu verən komandadır. Bu fikirlə razısız?
- Rəqib komandanın baş məşqçisinin dediklərini şərh etmək istəmirəm.

