“Sportinfo”gündəmə gətirdi, “Neftçi” 9900 manat uduzdu - SON DƏQİQƏ

31 Mart 2023 20:00 Neftçi 935
“Sportinfo”gündəmə gətirdi, “Neftçi” 9900 manat uduzdu - SON DƏQİQƏ

Bir müddət əvvəl saytımızda “Neftçi”nin sabiq futbolçusu Cavidan Rəhimliyə qarşı ədalətsiz davranması haqda xəbər dərc olunmuşdu.

Xatırladaq ki, “ağ-qaralar” 21 yaşlı futbolçu ilə 2021-ci ilin iyulunda aylıq maaş 550 manat olmaq şərti ilə 3 illik müqavilə bağlayıb.

Lakin həmin ilin noyabrın 23-də “Turan Tovuz”la çempionat qarşılaşmasında Cavidan zədələnib.

Futbolçu həkim müayinəsindən keçəndən sonra ona zədədən söhbət getmədiyini, ayaqları zəif olduğuna görə burxulmaların olduğunu bildiriblər.

“Neftçi” həmin vaxt heç bir əsas göstərmədən ötən ilin yanvarında Rəhimli ilə müqaviləyə xitam verib. Həm də birtərəfli qaydada. Halbuki, futbolçunun klubla 2 ilyarımlıq müqaviləsi qüvvədə imiş.

Səbəbkar vəziyyətlə barışmayaraq kənar həkimlərə müraciət edərək zədəsinin diaqnozunu öyrənməyə çalışıb.

Müayinənin cavabı Cavidanın zədəsi çarpaz bağların qopması, 4 başlı əzələdə yırtıq və menisk yırtığı olub. Futbolçuya təcili əməliyyat olunması ilə bağlı məsləhət görülüb və bu haqda kluba bildiriş də göndərilib.

Çıxılmaz vəziyyətdə qalan Cavidan ümid mənbəyi kimi kluba idman direktoru təyin olunan Zaur Əzizovu görüb.

Əzizovla görüşüb, başına gələnləri ona olduğu kimi danışıb və idman direktoru “Neftçi”nin formasında zədələnən futbolçunun əməliyyat olunmasına dair raport hazırlayıb. Rəhimli çox çək-çevirdən sonra cərrah masasına uzanıb və əməliyyat olunub.

Klubla 2024-cü ilin yayına qədər müqaviləsi olan futbolçu 2022-ci ilin yanvarından maaş üzü görmür. Üstəlik, vergi hesabatları edilmədiyinə görə üzərinə vergi borcları yığılıb. Futbolçu dəfələrlə haqqını tələb etməsinə baxmayaraq, hər dəfə eyni cavabı eşidib: “get, kimə istəyirsən şikayət et”.

Cavidan AFFA-ya şikayət məktubu ünvanlayıb və araşdırma prosesi uzun müddət davam edib. Nəticədə yekun qərar qəbul olunub.

Beləliklə, AFFA Oyunçuların Statusu və Transfer Komitəsi sədr Nailə Rza, üzvlər Orxan Əhmədov, Fərid Haqverdiyev və Seymur Səlimlinin iştirakı işə işə baxdıqdan sonra iddiaçının 01.01.2022-ci il tarixindən 01.07.2023-cü il tarixinədək iddiaçıya müqavilə üzrə ödənilməli olan xidmət haqqı məbləğinin cəmi, yəni vergilər daxil 9900 (doqquz min doqquz yüz) Azərbaycan manatı birdəfəlik qaydada iddiaçıya ödənilməsinə dair qərar qəbul edib.

Əldə etdiyimiz bilgiyə görə, qərarla razılaşmayan “Neftçi” rəhbərliyi apellyasiya şikayəti etməyi planlaşdırır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti