
“Bildiyiniz kimi, kluba yeni rəhbər gəlib. Yeniliklər yaşanır və yaşanacaq”.
Bu sözləri Sportinfo.az-a “Neftçi”nin baş məşqçisi Lorentsiu Regekampf deyib.
Iyunda Azərbaycanda fəaliyyətə başlamasının 1 ili tamam olacaq rumıniyalı mütəxəssis saytımıza mühüm açıqlama verib. O, həyata keçirilməsi planlaşdırılan böyük layihə haqda danışıb:
“Yeniliklərdən biri və ən vacibi qarşıdakı 5 il üçün nəzərdə tutulan plandır. “Neftçi” bu müddətdə çempion olmalı və hər il avrokubokların qrup mərhələsində iştirak etməlidir.
Şəxsən layihəni çox bəyəndim. İrəliyə doğru birdən-birə 5 addım atıb geridə qalan 4 addımı itirəcəksənsə, uğur davamlı olmayacaq.
Uğur istəyiriksə, buna pillə-pillə nail olmalıyıq. İlk növbədə akademiya ürəkaçan olmalıdır. Komanda öz bazasında məskunlaşmalıdır.
Əsas komandanın qarşısına birdən-birə çempionluq hədəfi qoymaqla məqsədyönlü inkişafa nail olmaq mümkün deyil.
Uğur istəyiriksə, klub halında inkişaf etməliyik. İdarəetmə, akademiya, təşkilatçılıq, əsas və əvəzedici komanda - bunlar bağ halında olmalıdır”.