“Neftçi”nin Şamaxı səfəri yerli azarkeşlər tərəfindən səs-küylə qarşılanmışdı.
Bölgə təmsilçisinin digər komandalarla ev oyunlarında (“Qarabağ” istisnadır) tribunaların yarısı dolmasa da, bu dəfə əməlli-başlı qələbəlik müşahidə olundu.
Yerli komanda kifayət qədər maraqlı və layiqli futbol oynamasına baxmayaraq, qonaqların təcrübəsi yekunda tablodakı rəqəmlərdə özünü göstərdi – 1:0.
Qarşılaşma başa çatandan sonra polislər tərəfdarları stadiondan çıxarmağa nail olsa da, bir qrup fanat diqqətdən yayınmağı bacararaq uzun müddət “Neftçi”nin avtobusunun həndəvərində keşik çəkdi.
Onların susqunluğu Emin Mahmudovun paltardəyişmə otağından çıxıb nəqliyyat vasitəsinə tərəf yön alması ilə pozuldu. “Neftçi”nin və Azərbaycan millisinin yarımmüdafiəçisini görən şamaxılı azarkeşlər “8 nömrə”ni yanlarına səsləyib onunla şəkil çəkdirmək istəyini gizlətmədi.
Emin isə hər birinin təklifinə isti yanaşıb onların xahişini yerinə yetirdi. Əvəzində, jurnalistlərin müsahibə istəyini növbəti dəfə geri çevirdi.
HƏBİB

