“Neftçi” rəsmisi üzr istədi, problemin kökünü izah etdi - VİDEO+FOTO

8 Mart 2023 20:40 Neftçi 1 089
“Neftçi” rəsmisi üzr istədi, problemin kökünü izah etdi - VİDEO+FOTO

Hesabat turunun “Neftçi” - “Turan Tovuz” qarşılaşmasından sonra qonaq azarkeşlər etiraz səsini ucaltmışdı.

Onları narazı salan məqam sevimli komandalarının 0:4 hesabı ilə məğlub olması yox, meydan sahibi klubun göstərdiyi münasibət idi.

Oyundan əvvəl qonaqlar üçün ayrılmış sektora lazımi sayda biletə vaxtında sahib ola bilməyən qərblilər giriş qapıları önündə gözləmiş, sektordakı yerini görüşün 15-20-ci dəqiqəsində tuta bilmişdi.

Nəticədə 8 Mart Beynəlxalq Qadınlar Günü üçün hazırladıqları plan öncədən nəzərdə tutulduğu kimi 8-ci dəqiqədə yox, bir qədər gec baş tutmuşdu.

Tovuzlu fanatların narazılığı barədə xəbər təqdim etmişdik.

Məsələyə aydınlıq gətirmək, 450 kilometr yolu qət edib Tovuzdan Bakıya gələn azarkeşlərin üzləşdiyi problemin kökünü üzə çıxarmaq üçün “Neftçi”nin Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyevlə əlaqə saxladıq.

Klub rəsmisi bu işdə meydan sahibi klubun günahkar olmadığını bildirdi:

“Oyundan iki gün əvvəl “Turan Tovuz”dan bizə pulsuz 200 ədəd biletlə bağlı müraciət olunmuşdu. Bu sayda bileti verə bilməyəcəyimizi bildirib,

Tovuzdakı oyunda azarkeşlərimizə 50 pulsuz bilet verilməsi şərti ilə pulsuz 50 bilet ayıra biləcəyimizi qeyd etmişdik.

Razılaşmış və oyundan əvvəl 50 bileti klubun mətbuat katibi Süleyman Tağıyevə təhvil vermişdik.

“Neftçi” – “Turan Tovuz” matçı üçün biletlər oyundan 5 gün öncədən “iTicket”in saytında onlayn şəkildə satışa çıxarılmışdı və bu barədə məlumat vermilmişdi.

Həmin gün “iTicket”in kassalarında bilet var idi. Stadiona vaxtında daxil olmaq üçün bileti vaxtında almaq lazım idi.

Vaxtında almayıblar, stadiona matçın başlamasına 1-2 saat qalmış gəliblər və belə bir durum yaranıb.

Oyunun startı ərəfəsində kassalarda sıxlıq müşahidə olunur. Həm meydan sahibi, həm də qonaq komandanın fanatları eyni anda bilet alanda, bu cür qarışıqlığın yaranması anlaşılandır.

“Qara bazar”ın qarşısını almaq üçün bir nəfərə 5 ədəddən artıq bilet satılmır. “Turan Tovuz”dan bizə zəng olundu ki, bəs, klub nümayəndəsi adından bir nəfər 200 bilet alıb paylamaq istəyir.

“iTicket”lə danışıb onlara təminat verdik və buna şərait yaratdıq. Bilet satışında, yaxud stadiona daxil olmaqda tərəfimizdən hansısa süni əngəlin yaradılması ilə bağlı iddialar həqiqəti əks etdirmir.

Bileti öncədən onlayn şəkildə, yaxud stadiona vaxtında gəlməklə ala bilərdilər. Yaxud matçdan bir neçə saat öncə 200-300 bilet almaq istəkləri haqda bizə məlumat versəydilər, lazım olan köməkliyi göstərərdik.

Hətta fasilədə tovuzlu azarkeşlər stadionu tərk etdiklərinə görə polislər onları arenaya buraxmamışdı, bilet tələb etmişdi.

Polislə danışaraq bu problemi də yoluna qoymağa çalışdıq. “Neftçi” tərəfdən azarkeşlərə maneə yaradılmayıb, əksinə, lazım olan köməkliyi göstərmişik, tribunada yer ayırmışdıq.

Tovuzlu azarkeşlər üzrlü hesab etsin. Komandalar arasında növbəti oyunlarda bu cür problemlərin yaşanmamasına çalışarıq”.

“Neftçi” ilə “Turan Tovuz” mövsümün sonuna qədər 2-si ölkə kubokunda, 1-i Premyer Liqada olmaqla 3 dəfə üz-üzə gələcək.

HƏBİB

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!