“Neftçi”nin ev oyunlarını keçirdiyi stadionun adı dəyişdirilməsi gözlənilir.
Martın 1-dən etibarən stadion “Bakcell Arena” adlanmır. Şirkətlə AFFA arasında 2013-cü ildən başlayan və dəfələrlə müddəti uzaldılan əməkdaşlıq fevralın 28-də başa çatıb.
Stadion AFFA-nın balansındadır. "Neftçi" isə icarə əsasında arenanın xidmətindən yararlanır. Federasiyanın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla məsələyə belə aydınlıq gətirib:
“Bakcell Arena”nın adı ilə bağlı mövcud müqavilənin müddəti başa çatıb. Məsələ ilə əlaqədar danışıqlar aparılır.
Hələ ki, yekun qərar bəlli olmadığı üçün stadionun bundan sonra da “Bakcell Arena” adlanıb-adlanmayacağı ilə bağlı hazırda konkret fikir bildirmək istəmirəm. Danışıqlar başa çatdıqdan sonra ictimaiyyətə məlumat veriləcək”.
“Neftçi”nin Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyev isə Sportinfo.az-a açıqlamasında bununla bağlı aşağıdakıları söyləyib:
“Stadion AFFA-nın balansındadır və onların sözügedən şirkətlə müqavilənin müddətini uzadıb-uzatmayacaqları barədə heç bir məlumatım yoxdur.
Açığı, bizim belə bir niyyətimiz var idi. Amma hər hansı irəliləyiş yoxdur. stadion nəvaxtsa bizim balansımıza keçərsə, sponsor axtara bilərik.
Kommersiya işi olaraq oranın adı üçün danışıqların aparılması mümkündür. Yenə deyirəm, hazırda stadion AFFA-nın mülküdür və biz 8-ci kilometrdə yerləşən idman qurğusunu uzunmüddətli icarəyə götürmüşük”.

