Mateus Saldaniyanın “Neftçi”də ilk günləri çox əla keçir. Braziliyalı futbolça sürətlə adaptasiya prosesini arxada qoydu.
Tanımasan, elə bilərsən qışda yox, bir neçə mövsüm əvvəl təmsilçimizin heyətinə qoşulub.
23 yaşlı forvard əbəs deyil ki, meydana çıxdığı 6 turda 3 qol vurmağı bacarıb.
Xüsusi ilə onun doğma publikada çıxışı möhtəşəm alınır. Rəqiblərin başına əməlli-başlı problem açır.
Belə ki, “Baksel Arena”da meydana çıxdığı 4 matçdan üçündə adını tabloya yazdıra bilib.
İşin maraqlı tərəfi odur ki, həmin qarşılaşmaların hamısında qələbə qazanan tərəf paytaxt təmsilçisi olub.
Yalnız “Zirə” ilə matç xaric. Debüt görüşünə təsadüf edən həmin oyunda əcnəbi futbolçu cəmi 28 dəqiqə meydanda olub.
Meydanı qolsuz tərk etməsi də hardasa başadüşüləndir.
Evdəki parlaq performasın fonunda o, səfər görüşlərində hələki sərrast olmağı bacarmır.
Həm “Qəbələ” (0:0), həm də “Qarabağ”la (0:0) qonaq meydanda baş tutan görüşlərdə Saldaniya qolla yadda qala bilməyib.
Bir sözlə, vurduğu qollarla ev matçlarında qələbələrin sıralanmasında baş rolda yer alan cənubi ameriaklı hələki səfərdə rəsmiləşən xal itkilərinə mane ola bilmir.
XANOĞLAN / SPORTİNFO.AZ

