“Neftçi” – “Turan Tovuz” oyununda (4:0) tribunalara diqqət yetirdiz?
100-ə yaxın “Forza Neftçi” üzvü idi, 10-15 nəfərdən ibarət “Neftçimaniya”, qonaq komandanı dəstəkləyən 300-ə yaxın azarkeş. Digər sektorlarda pərakəndə şəkildə əyləşənlər də deyək ki, 100-150 nəfər.
Azarkeşləri dindirəndə daş atıb başlarını tuturlar ki, bəs, oyunların keçirilmə günü və saatı uyğun deyil. Yol uzaqdır, hava pisdir, yoruluruq, halımız pisləşir və sair.
Sual: “Neftçi”nin “Turan Tovuz”la matçına baxmaq üçün hansı əngəllər var idi?
Matç bazar gününə, yəni böyük əksəriyyətin evdə dincəldiyi günə təyin olunmuşdu. Başlama saatı da kifayət qədər uyğun idi – 19.30.
“Bakcell Arena”ya gəlmək üçün də xüsusi zəhmət tələb olunmur. Stadion “Neftçilər” və “Xalqlar Dostluğu” metrostansiyalarından piyada 10 dəqiqəlik məsafədə yerləşir. Şəhərin hər yerindən avtobusla da gəlmək mümkündür.
Projektor var, tablo var, hava şəraiti də mart ayı üçün kifayət qədər münasib idi.
Biletin qiyməti? Cəmi 2 manat. 2 litrlik “Fanta”, ya da 0,5 litrlik “Xırdalan” pivəsinin qiymətinə.
Meydana çıxan komandalar da kifayət qədər sevilənlər idi. Biri ötən tur “Qarabağ”a çətin anlar yaşadıb bərabərə qalan (1:1) “Neftçi”, digəri Premyer Liqanın maraqlı kollektivlərindən olan “Turan Tovuz”.
Belədirsə, gecə-gündüz ölkə futbolunu müzakirə edən, oyunların keçirilmə vaxtına görə PFL-i “baltalayan”, hələ bir qədər irəliyə gedib məşqçi və futbolçuların işini müzakirə etməyi özünə borc bilən “futbolsevərlər”, hardaydız?
Bu dəfə kim, yaxud nə mane olmuşdu sizə?
Odur ki, heç kimi, heç nəyi bəhanə etməyin. Deyin ki, soyuq havada evdən bayıra çıxmağa əziyyət çəkirik. Deyin ki, Azərbaycan futbolu bizə yalnız avrokuboklarda lazımdır.
Amma futbol fanatı olduğunuzu əslə dilə gətirməyin. Əsla!
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

