
«Neftçi» ikinci pilləyə doğru sürətli addımlar atmağa başlayıb.
«Sabah»ın öncəki iki həftədə məğlubiyyətləri sıralaması səbəbindən.
Sonuncu turda hər iki tərəf qələbə qazandı, aradakı xal fərqi 4 olaraq qaldı.
«Turan Tovuz»la qarşılaşmada qələbəyə iddialı elə «Neftçi»nin özü göstərilirdi. Bir-iki qolluq qalibiyyət gözlənilirdi.
Ev sahiblərinin dörd qol vurması nəinki məni, deyərdim ki, hətta Lorentsiu Regekampfın özünü də təəccübləndirdi. İki erkən qolun «Neftçi»yə qazandırdığı ərazi və mental üstünlük fasilədən sonra da davam etdi, belə böyük hesab alındı.
Deyəsən, Emin Mahmudov, doğrudan da ağ-qara formanı dəyişməmək qərarı verib.
Kapitan dubla imza atması və oyunboyu sərgilədiyi canfəşanlıqla tribunaya, eyni zamanda, ictimaiyyətə mühüm mesaj göndərdi. «Mən müqavilənin müddətini uzadacam …» deyə.
Aldıq bu ismarıcı.
Matheus Sardanya bu oyunu da boş keçirmədi. Növbəti qolunu atdı.
Braziliyalı hücumçu Premyer Liqada qalıb-qalmamaq dərdi olan rəqiblər önündə şirdir, pələngdir. Müdafiədəki boşluqları tez tapır. Düzgün mövqeyə açılır. Yer seçimində çox yanılmır.
Mən Sardanyanı «böyüklər»lə qarşıdakı oyunlarda bir daha izləmək istərdim. Maraqlı olar.
Medallara iddia edən «Qarabağ», «Sabah», «Zirə» və «Qəbələ» ilə ilk qarşılaşmalarda fərqlənə bilmədi. Sardanyanın real qiymətini vermək üçün yenə tələsməməliyik. Mövsümün final mərhələsi bu sualın cavabını məlum edəcək.
MUSA