Bu dəfəki “Qarabağ” – “Neftçi” görüşü də (1:1) qalmaqalsız ötüşmədi.
Hər iki komandanın sadiq azarkeşlərinin tribunalarda yaratdığı ab-hava möhtəşəm idi. “Qarabağ”ın bərabərlik qolundan sonra yaşananlar olmasaydı, aradakı prinsipiallığa kölgə düşərdi.
“Forza Neftçi”nin yer aldığı tribunadan meydana atılan petardı kənara atmalı olan Luka Quqeşaşvili alışdırıcı maddəni azarkeş qrupunun bayrağına atınca, ara qarışmışdı.
Fanatlar meydana axışmağa çalışmış, futbolçular arasında gərginlik yaşanmış, Emin Mahmudovla Riçard Almeyda barışdırıcı mövqeyi nümayiş etdirmişdi.
Sportinfo.az xəbər verir ki, Lukanın hərəkətindən hiddətlənən “Neftçi”nin bir qrup azarkeşi gürcü qapıçının “payını vermək” istəyəndə, polislərin müqaviməti ilə üzləşib.
“Poqonlular”ın “sus” əmrinə tabe olmayan fanatlardan 5 nəfəri dərhal polis şöbəsinə aparılıb. Aralarında 2 nəfəri azyaşlı olduğundan, tənbeh edilərək sərbəst buraxılıb. Digər 3 azarkeşə protokol tərtib olunub.
Oyundan dərhal sonra “Liv Bona Dea”da əməliyyat olunan Ataa Caberə görə xəstəxanaya üz tutan “Neftçi” rəsmiləri ordan çıxandan dərhal sonra polis şöbəsinə yollanıb.
Gecə saat 4-ə qədər yuxusuna haram qatan və heç-heçənin dadını doyunca çıxara bilməyən “Neftçi” rəsmiləri azarkeşləri cərimə bahasına polis şöbəsindən azad etməyə nail olub.
Həmin fanatların izahatı alınıb, maarifləndirici söhbətlər edilib və analoji halın təkrarlanmamasına dair xəbərdarlıq olunub.
HƏBİB / SPORTİNFO.AZ

