"Neftçi"ni gözləyən DUMANLI GƏLƏCƏK

3 Mart 2023 17:00 Neftçi 1 232
"Neftçi"ni gözləyən DUMANLI GƏLƏCƏK

"Neftçi" qatı dumanda keçən Azərbaycan derbisindən 1 xalla ayrıldı - 1:1.

Qarşılaşmadan sonra əksəriyyət "ağ qaralar"ın güclü rəqib önündə yaxşı oyun keçirməsini dilə gətirir.

Regekampfın yetirmələri haqqında deyilən xoş fikirlərə mən də qatılıram. Həqiqətən onun komandası əzəli rəqiblə oyunda asan təslim olmadı. Hətta 60-65 dəqiqə üstün futbol oynadı.

Bəs, həmin 60-65 dəqiqə meydan sahiblərinin meydanda hansı futbolçularla mübarizə aparmasına niyə diqqət etmirik?

"Neftçi"nin qarşısında daha yaxşı göründüyü "Qarabağ" bilirsinizmi hansı idi?

Qapısını "Şah"ın yoxluğunda ikinci qapıçı olmağa layiq olmayan Luka Quqeşaşvili qoruyurdu.

Müdafiəsinin mərkəzində pis gün üçün illərdi ehtiyatda gün keçirən Rahil Məmmədov çıxış edirdi.

Müdafiəsinin sağ cinahı mərkəz müdafiəçisi Bədavi Hüseynova həvalə olunmuşdu.

Orta xətti uzun müddətli zədədən qayıdan Filip Ozobiç, daha çox ehtiyat qüvvə gözü ilə baxılan İsmayil İbrahimli və qızdırmadan yeni canını qurtaran Qara Qarayev idarə edirdi.

Nədənsə, bəzi adamlar bu həqiqətləri görməzdən gəlir. "Ağ qaralar"ın rəhbərliyinin, məşqçilər korpusunun başının altına yastıq qoyur.

Boş yerə deməyiblər ki, düşmən ocaq başında. Adama nə edir, elə özününkü edir də. Dost düz sözü deməlidir. Amma bu gün "Neftçi"nin dostları problemlərə sıvaq vurmaqla məşğuldur. Bəs, həqiqət?

Belə bir "Qarabağ" önündə də minimal hesablı qələbə ilə belə yadda qalmayan, sadəcə nisbətən yaxşı oyunla seçilən "Neftçi" sizcə sabah Avropada uğurlu ola bilərmi?

Məncə, qəti olaraq yox."Neftçi" rəhbərliyi papağını qabağına qoyub yaxşı fikirləşməlidir.

Ki, komanda bu məşqçi, bu heyətlə yayda biləcəridən o tərəf gedə bilməz. Onda edilən dəyişiklik isə arxadan atılan daş effekti yaradacaq. Vəssalam!

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!