“Qarabağ” – “Neftçi” görüşü (1:1) hər nə qədər maraqlı anlarla yadda qalsa da, oyunun sonlarına yaxın yaşanan epizod diqqətdən yayınmadı.
Baş məşqçi Laurentsiu Regekampf matçın 75-ci dəqiqəsində İsmayıl Zülfüqarlını Eddi İsrafilovun əvəzinə meydana buraxdı və cinah yarımmüdafiəçisi sürəti hesabına komandasının oyununda canlanma yaratdı.
Lakin əsas vaxta əlavə olunmuş birinci dəqiqədə baş məşqçi 15 dəqiqə əvvəl mübarizəyə qoşulan İsmayılı oyundan alıb Sezar Meza Kolliyə şans verdi.
Bu, rumın çalışdırıcının son vaxtlar Zülfüqarlıya qarşı atdığı ikinci analoji addım idi. Rege buna qədər də ona qarşı eyni hərəkəti “Qarabağ”la oyunda etmişdi.

Qarşılaşma başa çatandan sonra təcrübəli çalışdırıcıya məsələ ilə bağlı sual verəndə məlum oldu ki, o, bu qərarı vaxt qazanmaq üçün edib.
Yəni bir növ taktiki əvəzetməyə əl atıb. Halbuki, meydanda İsmayıldan başqa daha 9 sahə futbolçusu vardı. Yəni bu dəfə eyni mövqeyi ona yox, başqasına qarşı sərgiləyə bilərdi.
Laurentsiunun nə deməsindən asılı olmayaraq, İsmayılın özünə qarşı münasibətdən incik düşməməsi mümkün deyil. Bir mövsümdə eyni hərəkət eyni futbolçuya qarşı ikinci dəfə edilirsə, futbolçu buna sakit yanaşa bilməz.
Təbii ki, “Neftçi” rəsmiləri də məsələdən xəbərdardır və heç bir halda istedadlı yetirməsini itirmək istəmir.
Klub İsmayıla dəstək nümayiş etdirmək üçün “21 nömrə”nin şəklini klubun sosial media hesablarının “hekayə” bölməsində paylaşıb. Bununla da futbolçuya “bizə lazımsan” mesajını çatdırmağı özünə borc bilib.
HƏBİB / SPORTİNFO.AZ

