“Qarabağ” – “Neftçi” qarşılaşmasında “ağ-qaralar”ın futbolçusu Kilan Lebon səviyyəsini ortaya qoymağı bacardı.
Oyunboyu fəal təsir bağışlayan, qol epizodları yaxalayan və yaradan fransız vinger komandasının yeganə qolunun müəllifi oldu.
Mərkəzi tribunanın sağ tərəfində Lebonun şəninə plakat açan gənc oğlan və yanındakı azyaşlı 90 dəqiqə həmin kağız parçasını əlində saxlamaqla diqqət çəkdi.
Oğlan “Neftçi”nin azarkeşi idi. Kilana sevgisi isə Fransa futbolunun azarkeşi olmasına və bu futbolçunu bəyənməsinə görəydi.
“Neftçi”nin “22 nömrə”sinin maraqlı mənzərəni görüb-görmədiyini demək çətindir. Bilinən odur ki, Lebon sərgilədiyi futbolla azarkeşin iddiasını doğrultdu:
“Lebon is the best” (Lebon hamıdan yaxşıdır).
Yanvarda “Neftçi” ilə ilyarımlıq müqavilə bağlayan 25 yaşlı futbolçu Premyer Liqada 6 oyunun iştirakçısı olmaqla 1 qol vurub, 1 məhsuldar ötürmə verib.
HƏBİB / SPORTİNFO.AZ

