"Bu gün qərar verdim ki..."

25 Sentyabr 2022 22:30 Milli komanda 716
"Bu gün qərar verdim ki..."

"Bu gün çox yaxşı və keyfiyyətli oyun göstərdik.

Az səhv etdik. Amma daha yaxşı oynamalıyıq".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Bakıda Qazaxıstan yığmasına 3:0 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyunundan sonra mətbuat konfransında deyib.

66 yaşlı mütəxəssis ikinci hissədə komandanın oyunundan razı qaldığını söyləyib:

"Qrupdakı 6 matçın hamısında yaxşı oyun sərgiləmişdik. I turda Qazaxıstana uduzduğumuz görüşdə məğlubiyyəti haqq etməmişdik. Pozitiv yoldayıq. Komanda inkişaf edir".

De Byazi Amin Seydiyevin "23-lük"dən kənarda qalmasına münasibət bildirib:

"Bu gün fərqli qərar verdim. Seydiyev yaxşı və dinamik oyunçudur. Azərbaycan futbolunun gələcəyi ola bilər. Taktiki baxımdan inkişaf etməlidir. Bu gün qərar verdim ki, hücumameyilli oyun göstərək".

Baş məşqçi qələbədən sonra azarkeşlərə yaxınlaşmamaları barədə danışıb:

"Görüşdə bir epizod oldu və futbolçu sürüşdü. Azarkeşlər isə ona güldülər. Ancaq mən alqışladım, həmçinin fan-klub da alqışladı. Futbolçulara dəstək vermək vacibdir".

İtaliyalı mütəxəssis Mahir Emreliyə start heyətində şans verməməsinin səbəbini açıqlayıb:

"Mahir klubunda az oynayıb. Bilirdik ki, başdan sonadək oynaya bilməyəcək. Yaxşı futbolçudur, amma sırf qol vurmaq üçün oynamamalıdır. Belə olanda heç nə edə bilmirsən".

De Byazi Qazaxıstanla səfərdə və Slovakiya ilə evdəki matçların nəticələrinə görə məyus olduğunu sözlərinə əlavə edib:

"Bu görüşlərdə uduzmamalı idik, müdafiədə böyük səhvlər etdik, bizə baha başa gəldi. Bu komanda daha yaxşı oynaya bilər. Əsas odur ki, göydə uçmasınlar, ayaqları yerdə qalsın".

Baş məşqçi Azərbaycan yığmasının tarixində indiyək ardıcıl 3 qələbə əldə etmədiyini xatırladıb:

"Futbolda çox vaxt ancaq nəticəyə baxırlar. Əlində böyük potensial olmada böyük uğur tələb edilir.

Mən gələndən sonra Cəlal Hüseynov, Musa Qurbanlı və digər gənc oyunçulara şans verilib.

Bu oyunçularla davam eləməliyik. Onlar klublarında da çox oynamalıdırlar ki, bizə kömək edə bilsinlər".

Mütəxəssis Qazaxıstanın qrup birinciliyinə layiq olduğunu diqqətə çatdırıb:

"Çünki onların çox güclü, keyfiyyətli komandası var. Meydanda bütün güclərini qoyurlar".

De Byazi millinin Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq ehtimalı barədə qısa danışıb:

"Millətlər Liqasında və ya seçmə mərhələdən vəsiqə qazanmağın fərqi yoxdur. Gözəl təcrübə olar. Xalq, futbolçular üçün qeyri-adi şey olar. Bəxtimiz gətirsə, çıxa bilərik".

Baş məşqçi son olaraq Musa Qurbanlı haqqında fikirlərini bölüşüb:

"Çox yaxşı oyunçudur, ağıllı uşaqdır. Əsl hücumçuya xas olan hərəkətlər var. Onu çox bəyənirəm.

Gəncdir, “Qarabağ”da oynaması onun üçün şansdır. Oradakı təcrübəli oyunçulardan çox şey öyrənə bilər. Renat, Ramil kimi də perspektivli oyunçularımız var".

Digər Xəbərlər
Xəbər Lenti