İtalyan futbolumuzun tarixinə düşə bilər – 2 il və ya 9-cu oyunda...

25 Sentyabr 2022 19:40 Milli komanda 1 402
İtalyan futbolumuzun tarixinə düşə bilər – 2 il və ya 9-cu oyunda...

Azərbaycan yığması Millətlər Liqasında Slovakiyanı udmaqla (2:1) xalların sayını 7-yə çatdırdı.

Güclü futbolçulardan təşkil olunmuş rəqib üzərində əldə olunan qalibiyyət əlbəttə ki, şirindir. Lakin işin ən sevindirici tərəfi yığmanın qələbəyə səfərdə imza atmasıydı.

Çünki azərbaycanlı futbolsevərlər artıq neçə illərdir rəsmi matçlarda səfərdə qələbənin nə olduğunu bilmirdi. Azarkeşlər sonuncu səfər qələbəsinə düz 2 il əvvəl – 2020-ci ilin sentyabrın 8-də şahidlik etmişdi.

Həmin görüşdə Canni de Byazi Azərbaycan yığmasında debüt edirdi və komandası Millətlər Liqası çərçivəsində Nikosiyada Kiprin qonağı idi.

Seçməmiz Maksim Medvedevin 29-cu dəqiqədə rəqib qapısından keçirdiyi top sayəsində Bakıya 1:0 hesablı zəfərlə qayıtmışdı.

Həmin tarixdən bu yana ölkəmizin bir nömrəli futbol komandası öncəki Millətlər Liqasında, DÇ-2022-nin seçmə mərhələsində və cari Millətlər Liqasında ümumilikdə 9 oyun keçirib.

Monteneqro, Portuqaliya, Lüksemburq, Serbiya və Qazaxıstana boyun əyən italiyalı mütəxəssisin çalışdırdığı kollektiv Lüksemburq, İrlandiya və Belarusla bərabərə qalıb.

Slovakiya ilə qarşılaşma 2020-ci ilin sentyabrından bu yana 9-cu səfər matçı idi ki, yığmamız qələbəyə sevinməyi bacardı.

Deyilənlərə inansaq, bu, Canni de Byazi üçün Azərbaycan millisində sonuncu səfər qələbəsi kimi tarixə düşəcək.

Belə olsa, təcrübəli mütəxəssis Azərbaycan yığmasının tarixinə ilk və sonuncu səfər oyununda (rəsmi) qələbəyə sevinmiş ilk və hələ ki, yeganə məşqçi kimi düşəcək.

Təbii ki, AFFA rəhbərliyi Qazaxıstanla matçdan sonra qapını göstərsə.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"