Qara Qarayev bu qara münasibəti haqq edirmi?

25 Sentyabr 2022 17:00 Milli komanda 1 584
Qara Qarayev bu qara münasibəti haqq edirmi?

“İlk gündən deyirəm, millinin qapısı hamı üçün açıqdır.

Bu, bağlana da bilər. Millidəsənsə, özünü düzgün aparmalısan. Bu, mənim üçün önəmlidir”.

Bu fikriləri Qazaxıstanla oyunöncəsi mətbuat konfransında Qara Qarayevin milli komandaya dəvət olunmaması ilə bağlı yenidən danışan baş məşqçi Canni De Byazi dilə gətirib.

Tərəflər arasında nə olduğundan xəbərsizik. Ki, heç biri bunu açıq şəkildə dilə gətirmir. Amma əcnəbi mütəxəssisin "Millidəsənsə özünü düzgün aparmalısan" söhbəti ilə razılaşmaq mümkün deyil. Bu, çox ciddi iddiadır.

Qara komanda yoldaşlarını təhqir edib, azarkeşləri, yoxsa milli komandanı? Yəni səslənən iddia haqqlı olaraq ağıla belə ciddi nüansları gətirir. Amma heç biri də inandırıcı deyil.

Çünki Qara Qarayev milli komandaya gəldiyi 3-5 gün və ya 3-5 oyun deyil. Heç gənc oyunçu da deyil ki, ağıla belə ciddi hörmətsizlik gəlsin.

Adamın 29 yaşı var.

Nə az, nə çox 9 ildi ölkənin bir nömrəli komandasında tər axıdır.

2013-cü ildə debüt etdiyi yığma komandada 76 oyunda forma şansı qazanıb. Bəzən millinin kapitan sarğısını belə qoluna taxıb.

De Byaziyə kimi Berti Foqts, Mahmud Qurbanov, Robert Prosineçki, Nikola Yurçeviçin və Qurban Qurbanovun timsalında 5 baş məşqçinin tabeliyində çıxış edib.

İkinci vacib məsələ isə sonuncunun rəhbərliyi altında həm də 14 ildi “Qarabağ”da çıxış edir. Klubda da kapitanlığa kimi yüksəlib. Dəmir nizam-intizamı ilə seçilən Qurbanovun rəhbərliyi altında özünü düzgün apara bilməyən adam 14 il çıxış edə bilərmi? Təbii ki, mümkün deyil!

Qazandığı çox saylı uğurlara rəğmən onun adı nə klubda, nə də milli komandada heç vaxt qalmaqallarda hallanmayıb. Belə biri özünü əsas milli komandada düzgün aparmağı necə bilməyə bilər?

Ay De Byazi, yalan olar, amma bu qədər də yox axı. Qara Qarayev Azərbaycanda hörmətə layiq 3-5 futbolçudan biridir. Sən də hörmət etməyə məcbursan. Bacarmırsansa, əsla əksin də etmə!

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti