"Biz heç nə edə bilmiriksə, ölkədə niyə futbol olsun ki?"

25 Sentyabr 2022 03:30 Milli komanda 903
"Biz heç nə edə bilmiriksə, ölkədə niyə futbol olsun ki?"

Qazaxıstan millisinin baş məşqçisi Maqomed Adiyev yerli mətbuata açıqlama verib.

Sportinfo.az xəbər verir ki, Qazaxıstan millisinə tarixi nəticə qazandıran rusiyalı mütəxəssis Belarus üzərində qazanılan qələbədən, qrupda lider olaraq B divizionuna vəsiqə qazanmalarından söz açıb.

Bununla yanaşı qrupun son turunda qarşılaşacaqları Azərbaycan görüşü haqda da fikirlərini bildirib:

- Mən bu gün taktiki gedişlərdən danışmayacam. Azarkeşlərə komandamızı, ölkəmizi dəstəklədikləri üçün təşəkkür edirəm. Bu nağılın bitməsini heç istəməzdim. Çox istəyərdim ki, "Astana Arena"da millinin oyunlarında həmişə bu qədər azarkeş olsun. Futbolda istənilən nəticə mümkündü. Amma mən söz vermişdim ki, uşaqlar böyük ürəklə oynayacaqlar. Planlaşdırdığımız bəzi taktiki gedişlər xeyrimizə işləmədi. Ən vacibi isə hamımız paltardəyişmə otağında sakitləşməli idik. Gərginlik hiss edilirdi. Sanki biz 0:3 hesabı ilə uduzuruq. Hamı sakit, başıaşağı oturmuşdu. Futbolçulara motivasiya vermək lazım idi. İkinci hissəni uğurlu keçirdik və qələbəmizin şübhə altına düşməsinə imkan vermədik.

- Azərbaycanla oyunda eksperimentlər olacaq?
- Belə emosional matçlardan sonra heyətdə dəyişiklik lazımdı. Başqa cür alınmaz. Çünki indiyə qədər oynayan futbolçular əziyyət çəkəcək. Hələlik beynimdə hər hansı plan yoxdur, amma tənzimləmələr olacaq.

- Çempionatın səviyyəsi aşağı düşüb, amma milli komanda yaxşı çıxış edir və “Astana Arena”nı klub yox, milli doldurur...
- Təəssüf ki, klublarımızın avrokubok macərası erkən başa çatdı. Daha uzun sürməsini istərdim. Başa düşürdük ki, mütəxəssislər və azarkeşlər tərəfindən narazılıqlar var. Çünki klublarımız istədiyimiz kimi irəliləyə bilməmişdi. Milli komanda da uğursuz oynasaydı, fikirlər formalaşacaqdı ki, əgər biz heç nə edə bilmiriksə, Qazaxıstanda niyə futbol olsun ki? Ona görə də məsuliyyət var idi. Şadam ki, sınaqdan üzüağ çıxdıq. Ümid edirəm ki, gələn il klublar avrokubok kampaniyasında mümkün qədər irəliləyəcəklər.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!