Qazaxıstanın Belarusla oyunda əldə etdiyi qələbə Azərbaycan yığmasının qrup şanslarını heçə endirsə də, Canni de Byazinin rəhbərlik etdiyi komanda səfərdə istəyinə çata bildi.
Seçməmiz Trnavada qrupun əsas favoriti göstərilən və iyunun 10-da Bakıdakı dueldə qələbə qazanmış (1:0) Slovakiya yığmasını məğlub etməyi bacardı.
Baxmayaraq ki, şotland hakimin oyunun əsas vaxtına əlavə etdiyi dəqiqələrdə rəqib penaltidən hesabı bərabərləşdirmişdi.
Höccət Haqverdi Aleksey İsayevin qapı qarşısına havalandırdığı topu başla qapıdan keçirməklə yığmamıza qələbə qazandırdı.
Oyundan sonra qələbənin memarları olduqca xoşbəxt görünürdü. Yenilgilərdən sonra sosial şəbəkələrdən uzaq duran, mətbuatdan qaçan futbolçular bu dəfə “instagram”dakı paylaşımları ilə diqqət çəkib:
Elvin Cəfərquliyev: “Əlhəmdülilah”.
Emin Mahmudov: “Bütün Azərbaycan xalqını təbrik edirəm!”
Renat Dadaşov: “Ölkəm üçün vurduğum ilk qola və qazandığımız qələbəyə görə keçirdiyim hissləri sözlərlə ifadə etmək mümkün deyil. Möhtəşəm oyuna görə komandaya yoldaşlarıma və azarkeşlərə təşəkkür edirəm. Davam edirik”.
Şahruddin Məhəmmədəliyev: “Əlhəmdülilah”.
Ramil Şeydayev: “Qələbə!”
Riçard Almeyda isə millinin start heyətinin fotosunu paylaşaraq Azərbaycan bayraqlarının arasına ürək emojisi yerləşdirib.
HƏBİB / SPORTİNFO.AZ

