Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.
C Divizionunda yer alan Canni De Byazinin komandası 3-cü qrupunun V tur matçında Slovakiyanın qonağı olub.
Millimiz çətin görünən səfərdən qələbə ilə qayıtmağı bacardı.
Qrup lideri olmaq şansını itirən yığmamız Renat Dadaşov və Höccət Haqverdinin qolları sayəsində minimalhesablı təsəlli qələbəsi əldə etdi - 2:1.
Amma heç də futbol ictimaiyyətinin bu qələbəyə bütünlüklə sevindiyini demək olmaz. İlk hissə nisbətən yaxşı oynayan yığma, ikinci yarı bütünlüklə öz qapısına sıxışmışdı.
Bundan başqa rəqibin iki zərbəsi qapı tirindən qayıtdısa, bir neçə epizodda “Şah” dadımıza çatdı.
Ən vacibi isə meydan sahibləri meydana motivasiyasız çıxmışdı. Çünki gələcəyin komandası qurulan millinin qrup birincisi olmaq şansları itirilmişdi.
Görünür, bütün bunları diqqətdən qaçırmayan fanatlar da Slovakiyadakı qələbəyə ürəkdən sevinə bilmirlər.
Hər halda AFFA-nın sosial şəbəkə hesabındakı qələbə paylaşımına yazılan şərhlər bunu deməyə əsas verir.
Əksəriyyət şərhlərində ciddi əhəmiyyəti olmayan qələbənin bəxt hesabına əldə edildiyini və bunun gələcək üçün heç bir perespektiv vəd etmədiyini yazıblar:
“Təsadüfi qələbə. Oyun yoxdur”.
“Qələbəmizə çox sevindim, amma bəxətə-bəxt qazanılan qələbə idi. Bu, oyun deyil vallah. Millimiz çox aşağı səviyyədədir”.
“İki milliləşdirilmiş legionerin hesabına gözlənilməz qələbə. Oyun yox idi”.
“Qələbəyə çox sevindim, ancaq bu, oyun deyil. Xarakter, istək yox idi”.
"Oynaya biləcəyimiz ən zəif turnirdə qrupda qalmışıq və hələ də təbrik edirlər”.
“De Byaziyə bir-iki milyon da verin, yesin”.
“Adam yenə də danlamaq istəyir”.
“Bu ilin planı ödəndi. Bir də 2023-də qələbə olacaq. Gedin gələn ilə kimi yatın”.
XANOĞLAN / SPORTİNFO.AZ

