Azərbaycan millisi dünən Millətlər Liqasında ikinci qələbəsini qazandı.
Slovakiya kimi güclü rəqibi səfərdə məğlub etmək, ən azı alqışı haqq edir. İkinic yarıdakı bərbad oyuna, qapı dirəklərindən qayıdan toplara, rəqibin bugünkü gün heç də yaxşı günlərdən keçməməsinə baxmayaraq qaliblər mühakimə olunmur.
Amma meydandakı heyətə baxanda yaşadığımız üzüntünü dilə gətirməmək mümkün deyil.
Təsəvvür edin ki, əsas heyətdə meydana çıxan 11 futbolçudan cəmi ikisi bu ölkənin öz yetirməsidir. Söhbət “Qəbələ”nin yetirməsi Bəhlul Mustafazdə və “Keşlə”nin (İndiki “Şamaxı”) yetirməsi Elvin Cəfərquliyevdən gedir. Bəs digərləri? Yaxın oturun, onları da yaxından tanıyaq:
Şahruddin Məhəmmədəliyev - 2009-cu ildə “Torpedo”da (Rusiya) futbolun sirlərini öyrənməyə başlayan qolkiper 2013-cü ildə Qusarın “Şahdağ” komandasına gəlməklə Azərbaycan karyerasına start verib.
Bədavi Hüseynov - Futboldakı ilk addımlarını 2008-ci il “Dağdiesel”də (Rusiya) atan müdafiəçi 2011ci il “Sumqayıt”a pənah gətirməklə ölkəmizdəki parlaq karyerasının təməlin qoyub.
Höccət Haqverdi - İranlı arxa xətt oyunçusu 2006-cı ildə Məşəddə futbola başlayıb. 2021-ci il “Sumqayıt”a transfer olunan əcnəbi oyunçu qısa müddət sonra milliləşdirilib.
Emin Mahmudov - Kapitanın futbol həyatı “Kosmos”la (Rusiya) başlayıb. Rusiyanın bütün aşağı yaşa qruplarında çıxış edən yarımmüdafiəçi 2016-da Azərbaycan millisində, 2017-dən isə ”Neftçi”də çıxış edir.
Eddi İsrafilov - Atası anqolalı, anası azərbaycanlı oyunçu İspaniyada dünyaya gəlib. Futbol sirlərini öyrənməyə 2005-ci ildə “Milan”da başlayıb. 2007-ci ildən karyerasını İspaniya klublarında davam etdirən yarımmüdafiəçi 2022-ci ildən “Neftçi”nin şərəfin qoruyur. 30 yaşlı futbolçu 2015-ci ildən ölkəmizin əsas millisinə dəvət alır.
Riçard Almeyda - İlk dəfə Braziliyanın “Santu Andre” klubunda futbola gedən sanbaçının ölkəmizə ilk gəlişi 2011-ci ilə təsadüf edir. Uzun müddətdir “Qarabağ”ın uğurları üçün tər axından əcnəbi oyunçu 2017-ci ildə milliləşdirilib.
Ozan Can Kökçü - Hollandiya futbolunun yetirməsi 2021-ci ildə qısa müddət “Sabah”da çıxış edib. 2017-ci ildən gənclər millimizə dəvət alan vinger əsas milli komandaya yeni dəvət alır.
Renat Dadaşov - Almaniyada dünyaya göz açan forvard “Leypsiq” yetirməsidir. Almaniya U-16, U-17 yığmalarında bombardirlik keyfiyyətlərini göstərən hücumçu 2017-ci ildə Azərbaycan millisində çıxış edəcəyi elan olunub. Bir il sonra isə əsas milli ilə debüt edib.
Ramil Şeydayev - “Zenit”in (Rusiya) yetirməsi olan oyunçu bu ölkənin bütün aşağı yaş millilərində oynayıb. Hazırda “Qarabağ”ın şərəfin qoruyan forvard 2016-cı ildən Azərbaycan millisinə dəvət alır.
XANOĞLAN / SPORTİNFO.AZ

