
«Millidə ab-hava çox pisdir, əksər futbolçular Canni De Byaziyə böyük antipatiya bəsləyir».
Bu sözləri «Araz»FM-də yayımlanan «Arena» verlişinin qonağı olan Sportinfo.az saytının baş redaktoru İlkin Vaqifoğlu deyib.
Tanınmış aparıcı Rüfət Nadirlinin suallarını cavablandıran İ..Vaqifoğlu italiyalı baş məşqçinin Qara Qarayevi yığmaya dəvət etməməsinin yaratdığı qalmaqala münasibət bildirib.
O qeyd edib ki, De Byazi işə yanaşması və onlara göstərdiyi etinasız münasibətlə komanda üzvlərinin gözündən düşüb.
Sitat: «Bu problem xeyli vaxtdır yaranıb. De Byazi dəfələrlə futbolçuları aşağılayıb, işlətdiyi ifadələrlə özü barədə xeyli narazılıq yaradıb.
Qara da daxil olmaqla, futbolçuların bir çoxu ona etiraz edib. İtalyan yanlış taktiki seçimləri və məşqləri ilə, həmçinin danışdığı sözlərlə aranı qatıb.
Deyirik ki, milli niyə son iki-üç ildə xeyli geri gedib. Səbəbləri çoxdur. Bu şəxs heç rəqibləri analiz eləmir. Axşam açıqladığı əsas heyəti səhər dəyişir.
Ümumiyyətlə, mən inanmıram ki, o, buradan gedəndən sonra hansısa ciddi təklif alsın. Güclü məşqçi olsaydı, Azərbaycana gələnə kimi son 3 ildə işsiz qalmazdı».