Belarus mətbuatı millinin Millətlər Liqasının C3 qrupundakı şanslarını dəyərləndirərkən Azərbaycan ilə rəqabətinə toxunub.
Sportinfo.az xəbər verir ki, “Прессбол” saytı Belarusun Azərbaycanı turnir cədvəlində geridə qoymaq ehtimalı haqda bu cür yazıb:
"Turnirin ilk hissəsi iyunda baş tutdu, eyni vaxtda dörd oyun oynanıldı. Həmin görüşlər Belarusa cəmi iki xal qazandırdı.
Georgi Kondratyevin komandası son görüşlər öncəsi autsayderdi. Üçüncü pillədə qərarlaşan Azərbaycan millisindən iki, lider Qazaxıstandan 8 xal geridəyik.
Təbii ki, qazaxlara nəzəri cəhətdən də çata bilməyəcəyik. C divizionundakı yerimizi qorumaq üçün turnir cədvəlində üçüncü pilləni tutmağa çalışa bilərik.
Azərbaycan millisinə çatmaq mütləqdi. Qarşıda Qazaxıstan (22 sentyabr) və Slovakiya (25 sentyabr) ilə görüşlərimiz var.
Lakin Belarus yığmasının yaşamaq uğrunda mübarizədə əsas rəqibi olan Azərbaycan millisi də əvvəlki oyunda bütün problemlərini həll etsə, son turda həvəssiz Qazaxıstanla oynayacaq.
Yəni Belarus komandasının Millətlər Liqasının C divizionunda yerini qorumaq missiyası çox çətin görünür".
Azərbaycan millisi Belarusla səfərdə 0:0 oynasa da, evdə 2:0 məğlub etmişdi.

