Azərbaycan millisi Millətlər Liqasında növbəti matçına bu gün çıxacaq. Rəqib səfərdə bərabərə qaldığımız (0-0) Belarus millisidir. Qrupumuzun aşkar autsayderi, 6 xal gözü ilə baxdığmız komanda.
Bəlkə, bu dəfə?
Axşamkı matç Millətlər Liqasında 4-cü qarşılaşmamız olacaq. Artıq qrupumuzda ikinci dövrəyə start verilir.
Arxada qalan 3 matçda təkcə uğursuzluqlar sıralanmadı, həm də baş məşqçi Canni De Byazinin mənasız bəhanələri sıralandı.
Gah rəqibi göyə qaldırdı, gah qapıya gedən zərbələrin sayını dilə gətirdi, gah da cəmi 8-10 dəqiqə meydanda azlıqda qalmağı özünə qalxan etdi.
Nəinki italiyan, hətta millinin "vuran ayağı", legionerlərimizin baş tacı saydığımız Mahir Emreli də çalışdırıcısının yolu ilə getdi. Ki, Slovakiya ilə oyundan sonra 3 oyuna 1 xal qazanıb, bir qol belə vurmadıqları üçün üzr istəmək əvəzinə "iki oyuna qapıya 30 zərbə vurmuşuq" dedi.
Cənab De Byazi, hörmətli Mahir Emreli və dostları zərbələrinizi məşqlərə, bəhanələrinizi özünüzə saxlayın. Bizə qol və qələbə lazımdır.
Rəqib münasib, doğma meydan, azdan-çoxdan normal heyət var. Çıxın qələbə qazanın.
Bu gün də bacarmasanız, butsiləri meydanda buraxıb, dağılışın ev-eşiyinizə. Özünüzə başqa peşə tapın, daha urvatlı həyat təriz seçin. Nə bizim əsəblərimiz pozulsun, nə də sizin üzünüz dannaq görsün.
XANOĞLAN İMANOV

