Orxan Məmmədovun uğuruna şərik olmaq istəyənlər və ya…

13 İyun 2022 14:00 Milli komanda 1 242
Orxan Məmmədovun uğuruna şərik olmaq istəyənlər və ya…

Mini-futbol komandamız Avropa çempionu oldu.

Dünəndən etibarən uğura şərik olanları görməkdəyik.Heç üstündən 1 saat keçmədi, özlərini bu zəfərdə pay sahibi kimi göstərməyə girişdilər.

Biz bu gün yazaq ki, sabah yenə gec olmasın. Artıq KİV-də, sosial şəbəkələrdə qarşınıza çıxır uğura şərik olmaq istəyənlər.

Rövnəq Abdullayev; «Mini-futbol komandasının futbolçularını A milliyə götürəcəyik».

Elxan Məmmədov (Baş katibin Sərxan Hacıyev olduğunu bilirik. Amma onu da bilirik ki, Sərxan Hacıyev öz sözünü yox, Elxan Məmmədovun sözünü deyir. Ona görə də bəribaşdan Elxan Məmmədov kimi qeyd edirik): «Mini-futbol komandasında çıxış edən futbolçular bizim yetirmələrmizdir».

Ramin Musayev (Təbii ki, söhbətin nədən getdiyini bilməyəcək. 2 saat izah etdikdən sonra nəsə anlamaqa çalışacaq): ’Bajıoğlu, o nədi? Nə olub ki? Azərbaycan bayrağı, vətən, azərbaycanlı balaları...».

Rəhman Hacı; «Biz MFL-i təşkil etməsəydik, bu uğur olmayacaqdı».

Bilirsiz, bunları deyənlər kimlərdir? Xüsusilə Elxan Məmmədov.Vaxtılə Mini-futbol federasiyasının başına olmazın müsibəti gətirən insan.

Əlində olan bütün imkanları səfərbər edib, bu liqanın keçirilməsinə manə olan insan.

Onlara stadion verməyən, hakimlərin bu liqanın oyunlarını idarə etməsinə icazə verməyən insan.

2017-ci ildə yaradılan Azərbaycan Mini-Futbol Assosiasiyası (AMFA) haqda ilk məlumatları Sportinfo.az ictimaiyyətə açıqlayıb.

Belə pis çıxmasın, biz o vaxt bu qurum haqda inofrmasiyaları tirajlamağa başlayanda, istərsə AFFA-dan, istərsə də yandaş mediadan çoxlu təzyiqlərlə üzləşdik.

İndi yaltaqlanmaq üçün palaz boyda tərifnamələr yazan «mirzələr»in bir çoxu o dönəmdə üstümüzə gəldi. AFFA-dan aldıqları tapşırıqlar əsasında.

Orxan Məmmədovun əleyhinə yazılanlar yadınızdadır? Nə var, nə var, «Zirə»nin fəxri prezidenti AFFA-dan icazəsiz, onlarla razılaşdırmadan AMFA-nı ərsəyə gətirmişdi.

Bu, AFFA-da söz sahibi olanların xoşuna gəlməmişdi, qıcıq yaratmışdı və qapısında quyruq bulayan «mirzə dəstəsi»nə göstəriş gəlmişdi ki, adamı «vurun».

Həmin etapı bu gün də çox gözəl xatırlayırıq, yaddan çıxarmırıq. Necə yaddan çıxaraq:

2019-cu ildə Yunanıstanda keçirilən Avropa çempionatına son anda yollana bilməyən komandanın üzləşdiyi süni problemləri gün işığına çıxaranda, həmin «zurnalistlər» lazımsız və mənasız xəbərlərlə oxucuların «zövqünü korladığımızı» iddia edirdi.

Biz viza verilmədiyi üçün Elladaya səfər etməyən millinin dərdinə şərik çıxanda, onlar harada idi? Əlbəttə, Elxan Məmmədovun ömrünün axırınadək AFFA-dan yapışıb qalacağına əmin olduqları yerdə - onun qapısının kandarında.

Elxan Məmmədovu özündən çıxaran bir başqa məqam keçmiş müavini Elxan Əsədovun AMFA-nın rəhbərliyinə gətirilməsi idi.

E.Əsədova AFFA-da baş katibin köməkçisi işlədiyi zaman «toxunulmaz şəxs» kimi yanaşan mirzə qruppu o, iş yerini dəyişəndən sonra haqqında daha nələr yazmadı ki…

Bu tapşırıqlar haradan gəldi? Təbii ki, yenə E.Məmmədovun kabinetindən.

AFFA-nın AMFA-nı tanımaması, ona problemlər yaratması yönündə xəbərləri zamanında «sandıq»dan çıxardıq, yenə bizdən əl çəkmədilər, arxamızca «hürdülər».

Bu gün də paxıllığımızı çəkən, ayağımızın altını qazmaq istəyən həmin «mirzə qrupu» nə vaxt nisbətən səsini kəsdi? AFFA-da Elxan Əsədovla görüş keçiriləndə.

Bu mövzuda daha çox fakt sadalamaq olar, bunu mini-futbol liqasının təşkilatçıları çox gözəl bilir.

Və bu gün bu insanlar hamısı qalibiyyətə şərik çıxmaq üçün növbəyə dayanıb. Bəziləri növbədənkənar təbriklərə başlayıb.

Bunu yazırıq ki, kimin kim olduğunu biləsiz. Onsuz da, bilirsiz, sadəcə, keçmişi unutmamalıyıq ki, gələcəyimiz parlaq olsun.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti