"Sabah qalib gəlməyi çox istəyirik. Bizim üçün çox vacib oyundur".
Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Bakıda Belarusa qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur oyunundan əvvəl mətbuat konfransında deyib.
iyunun 13-də keçiriləcək Azərbaycan - Belarus matçı saat 20:00-da başlayacaq. 28 yaşlı qolkiper meydana yalnız qələbə üçün çıxacaqlarını bildirib:
"Bu rəqiblə bir dəfə oynamışıq. Onlar bizdən o qədər də üstün deyil. Başa düşürük ki, nəticə vermək lazımdır.
Hər dəfə çalışırıq ki, qalib gələk. Amma hələlik alınmır. Bu da bizi sıxır. Epizodlarımız olur, amma vura bilmirik. Sonda da uduzuruq.
Millidə oynamaq çox çətindir. Çünki bütün ölkə sizə azarkeşlik edir. Uduzmaq da çox ağırdır.
Yenə də vurğulamaq istəyirəm ki, sabah qalib gəlməliyik. Bir oyun qalib gəlsək, özünəinamı qaytararıq. Çoxdandır ki, qalib gəlmirik".

