İnanmaq çətindir, amma həqiqət yerində qalır – Azərbaycan mini-futbol üzrə yeni Avropa çempionudur!
Adətən, bizdə nə deyirdilər?
Deyirdilər ki, əşşi, azərbaycanlılar yalnız fərdi idman növlərində uğur qazana bilər, kollektiv növlər bizlik deyil. Elşad Quliyevin çalışdırdığı komanda bu iddiaları dəfn etmiş oldu. Düşünürəm ki, həm də birdəfəlik!
«Azərbaycanlılar kollektiv idman növlərində uğur qazana bilməz» deyənlər var ha, bilin ki, onlar cismən azərbaycanlıya oxşayıb, ruhən Azərbaycana bağlı olmayan, dövlətini, ölkəsini, xalqını sevməyən kəslərdir.
Bu adamlar «5-ci kalon» nümayəndələridir, çörəyini yeyib, suyunu içdiyi, havasını udduğu məmləkətin insanına yuxarıdan-aşağı, xor baxan, onun gücünü, potensialını zəif göstərmək istəyən, başqalarına möhtac olmasını arzulayan yaramazlardır.
Azərbaycan dövləti və xalqı 44 günlük Vətən Müharibəsində nəyə qadir olduğunu nümayiş etdirdi.
Bir tək ermənilərin özünə yox, onların havadarlarına və bütün dünyaya!
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbə illər, onilliklər, əsrlər keçəcək, həmişə tarixdə qalacaq, yaşayacaq, Azərbaycanı yaşadacaq.
Bu, güc birliyinin, dövlətlə xalqın vəhdətinin təntənəsi, zəfəri idi. Və ermənilər gördü ki, «dəmir yumruq» necə olur. Bütün dünya gördü ki, Azərbaycanın «dəmir yumruğ»u havaya qalxanda dəncələr nə cür dəyişir, nələr baş verir.
İndi biz bunu mini-futbol sahəsində də Avropaya sübut etdik. Futzalın böyük, futbolun kiçik qardaşı sayılan mini-futbolda əldə olunan zəfər AFFA rəhbərliyinin illərdir apardığı süni milliləşdirmə siyasətini çalın-çılpaq ifşa etdi.
Elşadın komandasına bir göz gəzdirin, burada bir yad millətin nümayəndəsini, İvanı, Petrovu, Usimi, Almeydanı görməyəcəksiz.
Hamısı damarında əsl azərbaycanlı qanı axan öz həmvətənimizdir, qardaşımızdır, dostumuzdur, övladımızdır, xülasə, Əlidir, Vəlidir, Pirvəlidir.
Bu oyunçuların hamısı öz millətimizin içindən çıxıb, kənardan gəlməyib.
Bu oyunçuların hamısı xalq nədir, torpaq nədir, yaxşı dərk edir, yalandan vətənşüvənlik eləmir.
Bu oyunçuların hamısı himni ürəkdən oxuyur, başqaları kimi yalandan dodaqlarını tərpətmir.
Dünənki tarixi başarını öz alın təri ilə, haqqı və əziyyəti ilə qazanan futbolçuların necə sevindiklərini görüncə, AFFA rəhbəriyində təmsil olunan zatlar heç utandımı, görəsən?
Hansısa yadeliyyə 50-100 min dollar verib, ona Azərbaycanın formasını zorla geyindirdiyi milliləşdirdiklərinə görə xəcalət çəkdimi, görəsən?
Foqstları, prosineçkiləri, yurçeviçləri, canniləri Azərbaycan futboluna soxuşdurduqları, pulumuzu biveclərin cibinə dürtdükləri üçün vicdan əzabı çəkdilərmi, görəsən?
Bunların biri onlarda olsa, gərək sabah AFFA-ya gəlib, bir-bir istefa ərizəsi yazarlar. Yuxarıdan tapşırıq/göstəriş gözləmədən, xoşluqla.
AFFA 18 ilə yaxındır dövlətdən dotasiya alır. SOCAR-ın bu müddətdir futbol sektoruna ayırdığı vəsaitin ümumi məbləği bir neçə yüz milyon manatdır. Mini-Futbol Federasiyası isə cəmi 3-4 ildir yaranıb, qazandığı nəticələrlə AFFA-ya dərs verir.
- İşi necə qurmaq dərsi.
- Pulu nə cür və hara xərcləmək dərsi.
- Azərbaycanlılara etimad göstərməyin doğruluğu dərsi.
Və s. və ilaxır dərslər…
Bu dərslərdən nəticə çıxarmaq zamanı, məqamı yetişib. Dünənki zəfər sabaha ümid yaradır.
Tezliklə AFFA-nın da bu uğurdan nəsibini almasına, təmizlənməsinə, doğru insanlara, təmiz əllərə tapşırılmasına dair.
Xəzər Hikmət

