Azərbaycan millisi Millətlər Liqasında üçüncü görüşünü də qələbəsiz başa vurdu.
Dünən turnirdə ilk dəfə doğma meydanda oynayan yığma bu dəfə Slovakiyadan məğlubiyyət aldı - 0:1.
Əvvəlki matçlarda olduğu kimi bu dəfə də Canni De Byazi "Qarabağ"dakı həmkarı Qurban Qurbanova ziddi addımları ilə yadda qaldı.
Belə ki, Qurbanovun əsas heyət gözü ilə baxmadığı Bəhlul Mustafazadə, Ramil Şeydayev və Riçard Almeyda onbirlikdə, artıq uzun müddətdir mərkəz müdafiəçisi kimi oynatdığı Maksim Medvedev cinahda, əsas heyət üzvü kimi baxdığı Abbas Hüseynov və Qara Qarayev ehtiyatda, hazırda ölkəmizdə mövqeyinin ən parlaq siması sayılan Toral Bayramov isə tribunada idi.
İtaliyan mütəxəssis təkcə Slovakiya ilə oyunda yox, daha əvvəlki matçlarda da oxşar anormallıqlara getmişdi.
Hə, baş məşqşi fərqli düşünə bilər, taktikasına uyğun futbolçu seçə bilər, məşqlərdə Riçard Qaradan üstün də görünə bilər (İnanmıram!).
Sizcə, Qurban Qurbanovun qərarlarına zidd gedən bu qədər qərar təsadüf ola bilərmi?
XANOĞLAN İMANOV

