Azərbaycan milli komandası UEFA Millətlər Liqasının üçüncü turunda Bakıda Slovakiyaya 0:1 hesabı ilə məğlub olub.
Sportinfo.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında yığmamızın baş məşqçisi Canni de Byazi jurnalistlərin suallarını cavablandırıb:
- 79-cu dəqiqədə dəyişiklik etdiz, amma 81-ci dəqiqədə qol buraxdıq. Dəyişiklik nə ilə bağlı idi?
- Ehtiyac var idi ki, sürətli oyunçu girsin, əks-hücumda kömək etsin. Emin yoruldu deyə dəyişdik. Qol bu dəyişikliyə görə olmadı. Qol mərkəzdən vuruldu.
- İki ildir hələ də qalib gələ bilməmisiz. Nə vaxt qalib gələcəksiz?
- Bura gələndən 25 oyun keçirmişəm. Serbiya, Portuqaliya, İrlandiyaya qarşı oynamışıq. Uduzmuşuq hamısını. Bizdən çox güclü komandalara qarşı oynamışıq. Hamısında vuruşmuşuq, maksimumu etmişik. İndi biz qol vurmağa başlamalıyıq, nəticə qazanmalıyıq. İlk iki oyunda yaxşı epizodlarımız oldu, vura bilmədik.
- Uğursuzluğun səbəbkarı sizsiniz yoxsa, futbolçular?
- İdi hamımız yaxşı analiz etməliyik və bilək nə baş verir. Bilirdik rəqib texniki baxımdan güclüdü. 20-ci dəqiqədən sonra pis oynamadıq. İlk yarının axırlarında hesabda önə keçə bilərdik. Slovakiya ikinci yarıda ustalıqlarını göstərdi. Oyunboyu mübarizə apardıq. Bundan daha artığını edə bilərik. Hamınız qələbə gözləyirsiz. Mən də istəyirəm. Amma bu, heç də asan deyil. Günahkar axtarmaq düzgün deyil. Mən də istəyərdim deyim onun günahıdı, bunun günahıdı. İnkişaf üçün nüanslara baxmalıyıq. Dünən 100-cü məşqimizi keçirdik. Dörd məşqə bir oyun oynayırıq. Bu da ideal kondisiya deyil. Futbolçuları bilməlisən, tanımalısan, nə arzuları var. Artıq qrup yaratmışıq. Qazaxıstanla oyunda pis oynamadıq. Azarkeş kimi baxsaq, uduzanda problem axtarmaq olar. Amma futbol eksperti kimi baxsaq, fərqli fikirlər ola bilər.
- Mahir Emreli barədə fikriniz necədi?
- Mahirin fiziki problemləri var idi. Bizimlə məşqə başladı. 100 faiz hazır deyildi. İstədik ikinci hissədə meydana salaq ki, öz təsirini göstərsin. Vuruşdu, amma olmadı.
- Komanda qol da vura bilmir. Çox arqument gətirirsiz. Bəlkə, sizin yeriniz bura deyil? Ola bilər ki, Azərbaycan millisinə futbol oynamağı öyrədə bilmirsiz?
- Xeyr. Bu, tam mənim komandamdı. İlk 20 dəqiqə yox, qalan hissəni qorxa-qorxa oynamadıq. İki oyuna 30 zərbə vurduq. Böyük rəqəmlərdi. Rəqəmlər isə bizi aldada bilməz. Bu, faktdı.
- Qətərlə oyundan sonra sağollaşmışdınız. Sonradan niyə qaldınız işinizdə?
- Bunu başqalarından soruşmalısız.
- Hər halda qalmaya bilərdiz özünüz...
- Onlardan soruşun. Qərar verdik ki, davam etməliyik. Komandada nəsə dəyişilib. 2003-cü il təvəllüdlü uşaq əsas heyətdə oynayır. 5-6 oyunçu da olsa, oynadaram. Burada xüsusi sevdiyim oyunçu yoxdu.
- 10 gün ərzində 4-cü oyununuza çıxırsınız. Heyətdə dəyişikliklər olacaq?
- Sabah baxacağıq futbolçular necə bərpa olublar. Maksim dəyişiklik istədi, başa düşürəm ki, yorğunluq ola bilər. Heyf ki, Qismət Alıyev yoxdu. Onu çox bəyənirəm. Mövsümün axırıdı, istirahət etmək haqda düşünür futbolçular. Amma Belarusla oyunumuz var. Onlarla ilk oyunda uduzmaq seriyasını qırdıq. Uduzmaqdan zəhləm gedir, xoşlamıram. Təəssüflər olsun ki, məğlubiyyətə görə üzülür. Çempionatla beynəlxalq oyunlar eyni deyil.
- Bir neçə gün əvvəl C Liqasında qrupdan çıxmaq haqda düşünürdük. Bundan sonra D liqasındakı perspektivlər haqda düşünməli olmayacağıq?
- Üç oyunumuz qalıb, onlar haqda düşünürük. Heç kim deməmişdi ki, qrupda birinci yer uğrunda vuruşacağıq. Dünən də demişdim ki, Slovakoya favoritdi. Qazaxıstanın qələbəsi sürpriz oldu. Belarusla oyunumuz var. Çalışacağıq ki, udaq. Qazaxıstanı da Bakıda udmaq istəyirik. İkinci yer uğrunda mübarizə davam edir.

