Bilindiyi kimi, bugünlərdə Azərbaycan millisinin məşqçilər heyətində dəyişiklik baş verib.
Klaudio Beluççinin ardından, Benito Karbone də istefaya gedib.
İtaliyanın “Torino”, “Napoli”, “İnter”, “Parma”, İngiltərənin “Aston Villa” kimi klublarının hücumçusu olmuş 50 yaşlı mütəxəssis bu barədə “Instagram”da paylaşım edib.
O, yığmada əlamətdar iki ilinin artıq başa çatdığını söyləyərək, AFFA prezidenti Rövnəq Abdullayevə, məşqçilər heyətinə, oyunçulara və azarkeşlərə təşəkkürünü bildirib:
"Mən burada çox xoşbəxt idim. Sizin sayənizdə mən özümü evimdəki kimi hiss etdim, məmnuniyyət və şərəflə işimi yerinə yetirdim.
İki gözəl ildən sonra Azərbaycan millisində köməkçi məşqçi kimi fəaliyyətim başa çatdı.
AFFA prezidentinə, məşqçilər korpusuna, işləyə bildiyim oyunçulara və əlbəttə ki, azarkeşlərə çox təşəkkür edirəm - böyük ailənizin üzvü olmaq təcrübəsi əldə etdiyimə görə sizə minnətdaram.
Sağ olun və Azərbaycan millisinə gələcəkdə uğurlar arzulayıram. Sizinlə vidalaşır və karyeramın növbəti mərhələsini səbirsizliklə gözləyirəm".
Onun əvəzində yığmaya Fabio Qallo köməkçi-məşqçi təyin olunub. Martda Malta və Latviya ilə yoldaşlıq görüşlərində də məşqçilər skamyasında yer almış Qallonun rəsmi debütü Nur-Sultanda Qazaxıstan yığmasına qarşı UEFA Millətlər Liqasının ilk tur matçına təsadüf edib.
Onun son iş yeri 2021-ci ilin fevralından oktyabrınadək baş məşqçi kimi çalışdığı "Potentsa" (İtaliya) olub.
AFFA-ya yaxınlığı ilə bilinən mətbu orqanlar Benito Karbonenin istefaya göndərildiyini diqqətə çatdırır. Bu iddia həqiqəti əks etdirmir.
İtalyan öz istəyi ilə yığmamızdan ayrılıb. Canni De Byazi ilə yaşadığı problem üzündən. Bəli, bu, belədir. O, həmyerlisi olan baş məşqçi ilə dil tapmaqda çətinlik çəkib.
Karbone federasiya mənsublarıyla söhbətində De Byazinin iş prinsiplərindən şikayətlənib, onu «çətin xarakterli və ziddiyətli insan» kimi xarakterizə edib.
Keçmiş yardımçı komandanın DÇ-2022-nin seçmə mərhələsində bərbad çıxışının səbəbini də baş məşqçinin futbolçulara münasibətdə yanlış mövqe tutması, onlarla kobud rəftar etməsində, yerli mentaliteti diqqətə almamasında görüb və «mən daha onunla birgə işləyə bilmərəm» deyib.
SPORTİNFO.AZ

