Əlbəyaxa futbol

21 Aprel 2021 11:00 Köşə 1 427
Əlbəyaxa futbol

Keçən həftə, 16 apreldə Azərbaycanın futbol çempionatında “Səbail”-"Qarabağ" oyununda komandalardan birinin hücumçusu rəqib qapıçının başına təpiklə vurdu.

Mən bu epizodun videosunu internetdə izlədim, əsl savaş kadrıydı.

Hücumçu topa qapıçıdan gec yetişdiyini aşkar görsə də ayağını onun kəlləsinə çırpmaqdan özünü saxlamadı. Qapıçının axırı nə oldu, bundan xəbərim yoxdur, ən son göstərəndə başı partlamışdı. Hakimin hücumçuya verdiyi cəza isə lap karikatura idi: sarı vərəqə. Cəmi-cümlətani. Halbuki, normal hakim o hücumçuya azı qırmızı vərəqə göstərib meydandan qovmalıydı. Daha sonra isə bir neçə oyunluq, hətta imkan olsa həmişəlik futboldan kənarlaşdırmaq lazım idi.

Bizdə idmanın, o cümlədən futbolun vəziyyəti necə ağırdır, bunu hamı bilir. Tək-tük idman növü var ki, orda uğur qazanırıq, lakin həmin uğurlar da az sonra dopinq qalmaqallarıyla fıs çıxır. Bəlkə şahmatda davamlı uğurumuzun adı çəkilə bilər. Dünyanın ən yaxşı 10 şahmatçısı siyahısında uzun illərdir ən azı 2 şahmatçı ilə təmsil olunuruq, Azərbaycan kimi balaca ölkə üçün gerçəkdən böyük şöhrətdir. Hərçənd, burada da şahmatçılarımızın şəxsi keyfiyyətləri və əziyyətləri hökumətin qayğısından çox-çox artıq rol oynamışdır. İnanmayanlar Şəhriyar Məmmədyarovun bir neçə il qabaq yazdığı “Artıq yorulmuşam, diqqət istəyirəm” məzmunlu haray-məktubunu xatırlasınlar.

Dönək futbola, mövzumuz budur. Azərbaycan futbolu faktiki ölüb, aparıb basdıran yoxdur. Əsas liqada oynamağa 8 komandadan artıq çıxmır, nəticədə tragikomik format var: komandalar bir mövsümdə öz aralarında 4 oyun keçirir. Proqnoz edirəm ki, yaxın illərdə cəmi 4 komandamız qalacaq, onlar öz aralarında 8 oyun keçirəcəkdir. Lap axırda 1 komanda. Öz-özünə oynayıb çempion elan olunacaq

Axırıncı yeri tutanın 2-ci liqaya keçməsi, orda 1-ci yeri tutanın əsas liqaya hoppanması-filan... Bunlar artıq neçə ildir nağıldan başqa bir şey deyil. Əsas liqadakı 8 komandanın cəmi 1-i bölgədəndir, qalanları paytaxtdadır. Az qala bütün komandaların sponsoru eyni dövlət şirkəti, eyni monopolistdir, o üzdən rəqabət-zad qətiyyən yoxdur, futbolçular da maaş alıb çirkli pulların yuyulmasına alət olmaqla məşğuldurlar. Hər 3-4 ildən bir xaricdən hansısa bahalı məşqçi gətirib milli komandaya başçılığı ona həvalə edirlər, nəticədə yığmamız sıfır xal toplamaqda əzmkarlığını davam etdirir. Futbolun bizdə korrupsiya oyunu olduğunu hamı bilir, o üzdən uduzmağa görə istefa verən bir nəfər də olmamışdır.

Ancaq ədalət naminə, bizim futbolçuları ulduz futbolçu Neymarla eyni səviyyəyə qoyan cəhət var. Bu, simulyasiya qabiliyyətidir. Bizim futbolçular da Neymar kimi hakimi aldatmaq cəhdlərində öndə gedirlər. Kim rəqibin cərimə meydanına çata bilsə, orda yerə uzanır. Bəlkə hakim çaşıb penalti verdi. Təəssüf ki, hakimlər futbolçularımızın bu artistliyini adətən “sarı vərəqə” ilə qiymətləndirir.

Girişdə yazdığım kimi, bizim futbolun əsas fərqlənmə nişanı kobudluq, qəddarlıqdır. İlahi, bu oyunçular bir-birinə elə cumurlar, badalaq, şillə, təpik, kəllə atırlar, sanarsan Qarabağda hansısa yüksəklik uğrunda əlbəyaxa döyüş gedir... Adamlar rəsmən top əvəzinə bir-birinin başı ilə futbol oynayır. Nəticədə oynamaq bilənlərin də gözü qorxur, ya da karyerasını şikəst olaraq bitirir. Bu vəhşiliyin səbəbi nədir? Psixoloqlardan milli futbolumuzdakı şiddətin səbəbini açıqlayan şərh gözləyirəm. Bəlkə cəmiyyətdəki sosial-iqtisadi, mənəvi-psixoloji problemlər futbolçularımıza da öz təsirini göstərir və onlar bir-birinin qanına susayırlar? Açığı, şübhə edirəm, çünki bu oyunçular cəmiyyətin başqa kəsimindən fərqli olaraq korrupsiya ağacından az-maz da olsa meyvə dərmək imkanındadır. Hərəsi 100-200 min dollarlıq maşınlarda şütüyür, hələ arada süpürgəçi qarıları vurub öldürməyə vaxt tapırlar. Mənə futbolumuzdakı kobudluğun səbəbi sirr qalmaqdadır. Topu atıb qaydasız döyüş yarışlarına qatılsalar barı... Medal da alardılar yəqin.

Zamin HACI

Xəbər Lenti