“Azərbaycan xoşluqla Laçın dəhlizini açmayacaq"

6 Fevral 2023 03:40 Hadisə 616
“Azərbaycan xoşluqla Laçın dəhlizini açmayacaq"

2023-cü il girər-girməz, İrəvandan ölkəmizin ünvanına səslənən davakar bəyanatların “dozası” yenidən artıb.

Keçən ilsonu Fransa-Ermənistan cütlüyünün BMT TŞ-də ölkəmiz əleyhinə qaldırdıqları fitnəkar təşəbbüs, siyasi-diplomatik hoqqalar tam iflas olandan sonra kapitulyant ölkədə xüsusilə də Laçın yolu ilə bağlı rəsmi və qeyri-rəsmi isterika daha aqressiv xarakter alıb.

Bu da səbəbsiz deyil. Artıq gün kimi aydındır ki, Laçın-Xankəndi yolu erməni kriminal elementlər, müxtəlif çaplı fransız, amerikan, rusiyalı təxribatçılar üçün asan keçid olmayacaq.

Bu yoldan separatçılar üçün silah-sursat, hərbi texnika, minalar, əks istiqamətdə isə çapıb-talanan sərvətlərimizi daşımaq dövrü bitdi. Hətta ekoloqlarımızın etiraz aksiyası müvəqqəti dayansa belə.

Ermənistan üçün indi tək çıxış yolu həm 10 noyabr kapitulyasiya sənədinə tam əməl etmək, həmçinin nə qədər gec deyil, Azərbaycanla sülh müqaviləsi imzalamaqdır.

Əks halda, erməni tərəfini daha faciəvi günlər gözləyir. Nə barədə ki, son günlər Qərbdəki “beyin mərkəzləri” də İrəvanı xəbərdar edirlər.

Amma İrəvandakı İnsan İnkişafı Mərkəzinin sədri Tevan Poqosyan görün nə çərənləyir. Sitat: “Azərbaycan xoşluqla Laçın dəhlizini açmayacaq, odur ki, Ermənistan yolu özü açmalıdır.

Bizim iki ssenarimiz var: ya Bakıya qarşı elə qlobal təzyiq aləti yaratmaq ki, bunun ağır təsirini o öz üzərində hiss etsin və etirazçıları oradan yığışdırmalı olsun, ya da 1992-ci ildəki kimi özümüz özümüzə yol açmalıyıq.

İkinci ssenari Ermənistanda hər gün müzakirə olunmalıdır və buna hazırlaşmaq lazımdır”.

Yəni Poqosyanın ağlı gedib Şuşa və Laçının on günün içində işğal olunduğu 1992-ci ilin mayına. Bayırda isə 2023-cü ildir və Azərbaycan da həmin Azərbaycan deyil.

Təəssüf ki, mənfur qonşular başlarına gələnlərdən dərs götürmək əvəzinə, hazırkı fəlakətli durumlarında da bizi terrorla, yeni işğalla hədələyirlər.

Digər Xəbərlər
Xəbər Lenti