Dinamo”nun Mahirlə bağlı planı bəlli oldu – AGENT AÇIQLADI

4 Fevral 2022 21:20 Hadisə 1 560
Dinamo”nun Mahirlə bağlı planı bəlli oldu – AGENT AÇIQLADI

“Proqnoz vermək çətindir. Bir futbolçunun gələcəyi karyerası və bacarığı ilə yanaşı, həm də, şansdan, təsadüflərdən asılı olur”.

Vaxtilə Mahir Emrelinin menecerliyini etmiş Tural Əsgərov sabiq müştərisinin “Dinamo”ya keçidi haqda Sportinfo.az-a danışıb.

Əsgərov aylar öncə - Mahir hələ “Legiya”ya “hə” deməyəndə onunla əməkdaşlıq edirdi. Və həmin dönəmdə Polşa təmsilçisinə razılıq verməməsini, digər variantların daha diqqətçəkən olduğunu bildirmişdi.

Nəticədə Emreli “Legiya”nı seçdi və Tural bəyin proqnozu özünü doğrultdu. Varşava klubu həqiqətən də uyğun seçim deyilmiş.

Maraqlıdır, Mahiri “Dinamo”da nə gözləyir? Əsgərov xeyli vaxt birlikdə çalışdığı futbolçunun Xorvatiyadakı gələcəyini necə görür?:

“Dinamo”da “Legiya”da müşahidə etdiyim mənfi cəhətlər yoxdur. Xorvatiya klubunda heyətin tez-tez dəyişdirilməsi ənənəsinə rast gəlinmir. Bu da yaxşı mənada ciddi məqamdır.

Amma ad olaraq götürsək, “Dinamo” ağır klubdur. Burada Mahirə “Legiya”dakından heç də asan olmayacaq.

Xorvatiyadakı tanışlarımdan əldə etdiyim bilgiyə görə, Mahiri hücumçu yox, cinah yarımmüdafiəçisi, ya da vinger gözündə görərək alıblar.

Əslində, cinah da ona yad deyil. Vaxtilə vinger kimi də oynayıb. Bildiyimə görə, özü hücumda oynamaqda maraqlıdır. Belə olsa, bu, ona çətinlik yarada bilər.

“Legiya”da Pekhart zədəli idi, sonra zədədən döndü və optimal formasından uzaq idi. Emreli hücumda rəqabətsiz qalmışdı. “Dinamo”da isə onu həm cinahda, həm də hücumdu çox-çox ciddi mübarizə gözləyir.

Yeni transferdən gözləntilər böyük olacaq. Ona görə də dərhal özünü göstərməlidir. Azarkeşlər gözləməyəcək, meydana çıxdığı gündən ondan nəticə gözləyəcəklər”.

"Legiya"dan ayrılan Mahir Emreli "Dinamo" ilə 4,5 illik sözləşmə imzalayıb. Paytaxt klubu "Sevilya"ya qarşı ilk oyununu fevralın 17-də səfərdə, cavab matçını isə bundan bir həftə sonra evdə keçirəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti