Azərbaycan idman ictimaiyyəti AFFA-nın Hesabat-Seçki Konfransını səbirsizliklə gözləyir.
AFFA-nın nizamnaməsinə görə Konfrans maliyyə ili başa çatdıqdan sonra 3 ay ərzində keçirilməlidir.
Bu isə ən geci martın sonları deməkdir. Seçkilərə 2 ay vaxt qalsa da, hadisələrin gedişini proqnozlaşdırmaq olduqca çətindir.
Ümumi ab-hava belədir ki, bu il AFFA-da Rövnəq Abdullayev dönəmi başa çatacaq. İcraiyyə Komitəsinin Gəncəyə təyin olunması və son anda təxirə salınmasını R.Abdullayevə vurulan son zərbə kimi qiymətləndirmək olar.
Azərbaycan futbolunun, demək olar ki, 95 faizi AFFA prezidenti postunda dəyişikliyin edilməsini gözləyir. 15 il federasiya prezidenti postunda olan Abdullayev ozamankı baş katib Elxan Məmmədovun məsləhətləri və tövsiyyələri ilə addımlar atdı.
O, indi də Məmmədovun sehrindən qurtula bilmir, ona futbolun böyük mütəxəssisi kimi baxır. Amma hələ də başa düşə bilmir ki, onun bu cür kütləvi nifrət qazanmasının səbəbkarı elə “FİFA Elxan”dır.
Bəlkə də onları birləşdirən başqa maraqlar var, lakin sübutumuz olmadığından bu haqda heç nə yazmaq istəmirik.
AFFA prezidenti iki aydan sonra vəzifəsindən göndərilsə, federasiyada nə baş verəcək? Yəqin ki, yeni prezident öz komandasını gətirəcək, əksər postlarda dəyişiklər olacaq.
Amma iş orasındadır ki, çox vaxt bu cür kütləvi islahatlar müsbət sonluqla yekunlaşmır.
Götürək, elə “Neftçi”ni. Kamran Quliyev prezident postundan azad olunduqdan sonra rəhbər vəzifələrə yeni şəxslər təyin olundu. Lakin bu, nə dərəcədə effekt verdi?
“Neftçi”nin yeni PR komandası rəqibləri yaxşıca motivasiya edib onları qələbəyə aparır, transferlərdəki səhvləri isə saymaqla yekunlaşmaz.
Uzun sözün qısası, bir yerdə dəyişiklik baş verəndə də bunu normal, sakit şəkildə, hamını işdən çıxarmamaqla reallaşdırmaq lazımdır.
Hər nə qədər indi AFFA-da Elxan Məmmədovun kadrları çoxluq təşkil etsələr də, federasiyada işini bilən peşəkarlar da az deyil.
Daha bir vacib isə məqam Sərxan Hacıyev baş katib postuna keçdikdən sonra baş verən dəyişiklərdir. Çoxları yeni liqanın yaradılmasını, I liqa ilə əvəzedicilərin çempionatının ayrılmasını misal gətirir.
Lakin vacib məqam AFFA-nın qapılarının klubların üzünə açılması oldu. Məmmədovun dövründə “Qarabağ”, “Zirə”, “Qəbələ” kimi klublar AFFA-ya düşmən hesab olunurdu.
Federasiya yalnız ara-sıra “Qarabağ”ın uğurlarnın arxasında gizlənməklə maskalanmağa çalışırdı. Hacıyev gəldikdən sonra adını çəkdiyimiz klublarla AFFA arasındakı buzlar əriməyə başladı.
Artıq Qurban Qurbanov, Rəşad Sadıqov və digərləri başa düşməyə başladılar ki, baş katib postunda oturan şəxs sələfi kimi onların paxıllığını çəkmir, hər vəchlə badalaq qurmağa çalışmır.
İndi Məmmədovu ən çox narahat edən Hacıyevin müsbət imic qazanması və AFFA-nın qapılarının klubların üzünə açılmasıdır.
Təsadüfi deyil ki, “FİFA Elxan” öz yaxın ətrafına “mənim vaxtımda federasiyaya heç kim yaxın düşə bilmirdi, klublarda yalnız öz adamlarım çalışırdı” mesajları ötürür.
Hiss olunur ki, S.Hacıyevə də müstəqil fəaliyyət göstərməyə imkan vermirlər. AFFA-nın baş katibi dəfələrlə öz müsahibələrində bildirmişdi ki, millidə yerli məşqçinin işləməsinin tərəfdarıdır.
Lakin son hadisələrdə Elşad Nəsirov - Elxan Məmmədov dueti onu “offsayd”da qoymağı bacardı. İnanmırıq ki, Məmmədovun dövründə İşçi Qrupu yaradılsaydı, onun rəhbəri başqa adam olardı.
İndi isə Rövnəq Abdullayev E.Məmmədovun xahişi ilə E.Nəsirovu İşçi Qrupuna rəhbər təyin edir ki, yenidən yığmaya əcnəbi məşqçi gəlsin.
Məmmədovun kadrları isə Azərbaycan futbolunda az da olsa dəyişiklik etməyə çalışan Hacıyevi “xəyənatkar”, “AGİN-in adamı” və “səriştəsiz” adlandırırlar. Əgər səriştə “Agrosport” vasitəsi ilə milyonlar qazanmaq,
Berlində heç kimə lazım olmayan futbol məktəbləri açmaq, klub prezidenti postlarına öz dostlarını təyin etməkdirsə, hə, bu səriştədən elə olmasa, yaxşıdır.
Son iki ildə AFFA-nı tənqid edənlərin, söyənlərin sayı xeyli azalmışdı. Amma milliyə yenə də De Byazi kimi dəxlisiz baş məşqçi təyin olunsa, söyüşün biri bir qəpikdən olacaq.
SPORTİNFO.AZ

