AFFA yeni nazirə qarşı çıxır?

21 Oktyabr 2021 15:00 Gündəm 1 768
AFFA yeni nazirə qarşı çıxır?

Azərbaycan ictimaiyyəti AFFA-nın fəaliyyətini tənqid edərkən əsas arqument kimi də uşaq futbolundakı durumu göstərir.

Ölkədə uşaq futbolunun durumu acınacaqlı vəziyyətdədir.

İnfrastruktur yoxdur, kadr çatışmazlığı aşkar hiss olunur. Və belə bir məqamda AFFA uşaq futboluna ayırdığı cüzi məbləği də kəsir.

Mətbuatda yayılan məlumata görə, AFFA Uşaq-Gənclər İdman Məktəblərinə (UGİM) ayırdığı vəsaiti ödəməkdən imtina edib. Vəsait də nə vəsait...

Hər həftənin sonunda keçirilən oyunlara görə 40-60 manat. Əslində AFFA Gənclər və İdman Nazirliyinin nəzdində olan UĞİM-in komandalarına bu “sanballı” vəsaiti kefindən ayırmırdı.

AFFA-nın uşaq futbolunda turnir keçirmək üçün komandaları az olduğuna görə, kütləvilik görüntüsü yaratmaq mümkün deyildi.

Ona görə də UGİM-lərin komandaları da bu turnirlərə dəvət edilmişdi və onlara cüzi ödəniş olurdu.

Amma mövsümün gedişində AFFA bu vəsaiti də kəsib. Axı niyə? Əgər vəsait kəsiləcəkdisə, bunu mövsümün əvvəlində elan etmək olardı.

Deyilərdi ki, Azərbaycan yığmasının italyan məşqçilərinə daha çox məvacib vermək üçün uşaqlara ödənilən qəpik-quruşa ehtiyaclımız var.

Onda komandalar işlərini bilər, çempionata qatılıb-qatılmamaqla bağlı qərar verərdilər. Amma çempionatın qızğın vaxtında bu qərarı vermək başqa mətləbdən xəbər verir.

Bəllidir ki, gənclər və idman naziri yenicə təyin olunub. Yeni nazirin ilk görüşlərindən biri də AFFA rəsmiləri ilə olub.

O, futbolun durumu ilə maraqlanıb, problemlər haqda danışıb. Nə baş verdisə, məhz bu görüşdən sonra baş verdi. AFFA həmin görüşdən sonra nazirliyin balansında olan UGİM-in komandalarına vəsaiti kəsdi.

Deməli, görüş AFFA rəsmiləri üçün ağır keçib. Amma onlar bu “ağırlıq”dan dərs çıxartmaq əvəzinə yeni nazirə qarşı çıxmağa üstünlük veriblər.

Böyük ehtimalla, himayəçiləri ilə məsləhətləşdikdən sonra. Amma bir məsələni unudublar: yeni nazirə qarşı çıxmaqla, həm də dövlətə qarşı çıxmış olublar.

Dövlətə qarşı çıxmağın cəzası isə hər yerdə ağır olur. O ağırlığın altından çıxmaq olmur, o ağırlığın altında əzilmək olur.

Natiq Muxtarlı

Digər Xəbərlər
Xəbər Lenti