COP29

AVRO-2024 ilə bağlı 10 sual: Bilməli olduğunuz hər şey

30 May 03:50 Avropa çempionatı 466
AVRO-2024 ilə bağlı 10 sual: Bilməli olduğunuz hər şey

1. AVRO-2024 harada keçiriləcək?

27 sentyabr 2018-ci ildə Almaniyanın turnirə ev sahibliyi edəcəyi açıqlanıb.

Almaniyanın qitə çempionatına ev sahibliyi etmək hüququ uğrunda rəqibi Türkiyə olub. Seçkilər zamanı Almaniyaya 12, Türkiyəyə isə 4 səs verilib.

Avropa çempionatı aşağıdakı şəhərlərdə keçiriləcək: Berlin, Dortmund, Düsseldorf, Frankfurt-Mayn, Qelzenkirxen, Hamburq, Köln, Leypsiq, Münhen, Ştutqart.

2. AVRO-2024 nə vaxt baş tutacaq?

Turnir cümə günü, iyunun 14-də Münhendə Almaniya-Şotlandiya oyunu ilə açılacaq. Final 14 iyul bazar günü Berlində keçiriləcək.

3. Kimlər iştirak edir?

Avropa çempionatında 24 komanda iştirak edəcək.

A qrupu: Almaniya, Şotlandiya, Macarıstan, İsveçrə.

B qrupu: İspaniya, Xorvatiya, İtaliya, Albaniya.

C qrupu: Sloveniya, Danimarka, Serbiya, İngiltərə.

D qrupu: Polşa, Niderland, Avstriya, Fransa.

E qrupu: Belçika, Slovakiya, Rumıniya, Ukrayna.

F qrupu: Türkiyə, Gürcüstan, Portuqaliya, Çexiya.

Gürcüstan yığması ilk dəfə olaraq Avropa çempionatında iştirak edəcək. Əslində, Serbiya üçün də bu bir növ ilkdir. Belə ki, ölkə 2006-cı ilə qədər Serbiya və Monteneqro, ondan əvvəl isə Yuqoslaviya adlanıb.

4. Turnir hansı formatda keçiriləcək?

Qruplarında birinci və ikinci yerləri tutan komandalar, həmçinin dörd ən yaxşı üçüncü yeri tutan komandalar 1/8 finala yüksələcəklər.

5. Azərbaycanda AVRO-2024-ə harada baxmaq olar?

Avropa çempionatının bütün oyunlarına İctimai TV-də baxmaq mümkün olacaq.

Azərkeşlərimizin bir qismi futbol oyunlarında Rusiya və Türkiyə kanallarına üstünlük verdiyindən onu deyə bilərik ki, Türkiyədə yayım hüququ TRT-yə verilib.

Rusiyada futbol üzrə Avropa çempionatının oyunlarını "Match TV” kanalı və Okko striminq xidməti yayımlayacaq. Turnirin yayım cədvəli və formatı əlavə olaraq "Match TV” və Okko tərəfindən açıqlanacaq.

6. Matçlara biletləri haradan almaq olar?

Təəssüf ki, biletlərin rəsmi satışı artıq yekunlaşıb. Lakin azarkeşlər komandaları pley-offa yüksəldiyi təqdirdə yenidən bilet almaq imkanı olacaq. Yeni biletlər mövcud olduqda, onlar EURO2024.com/ticketing saytında elan ediləcək.

7. Avro 2024-ün himni hansı mahnıdır?

2024-cü il Avropa çempionatının rəsmi mahnısı "Fire” adlanır.

Mahnının müəllifləri kimi İtaliyanın MEDUZA elektron triosu, ABŞ-ın OneRepublic pop-rok qrupu və alman ifaçı Leony çıxış edirlər.

8. Komandalar AVRO-2024-də nə qədər qazana bilər?

Futbol üzrə Avropa çempionatında pul mükafatlarının paylanması aşağıda göstərilən qaydada aparılacaq:

turnirə vəsiqə - 9,25 milyon avro

qrup mərhələsində qələbə - 1 milyon avro

qrup mərhələsində heç-heçə - 0,5 milyon avro

1/8 finala yüksəlmək - 1,5 milyon avro

1/4 finala yüksəlmək - 2,5 milyon avro

yarımfinala yüksəlmək - 4 milyon avro

finala yüksəlmək – 5 milyon avro

turnirin qalibi - 8 milyon avro

9. Avropa çempionatının kuboku kimin adınadır?

Anri Delone Kuboku futbol üzrə Avropa çempionatlarının qaliblərinə verilən əsas mükafatdır. Kubok, Avropa çempionatlarının keçirilməsini təklif edən UEFA-nın ilk baş katibi Anri Delonenin şərəfinə adlandırılıb.

Orijinal Anri Delone Kuboku 1958-ci ildə Fransız zərgər Mişel Şobiyon tərəfindən hazırlanıb. Bu, topla adamı təsvir edən barelyefli gümüş amforaya bənzədilib. Kubokun aşağı hissəsində qalib komandaların adlarının həkk olunduğu mərmər postament var. Kubokun hündürlüyü 40 sm, çəkisi 2,56 kq-a çatır.

2008-ci il turnirindən əvvəl kuboku dəyişmək qərara gəlinib. Kubok daha hündür olub və ağırlaşıb, indi onun çəkisi 8 kq, hündürlüyü 60 sm-ə qədər artıb. Kubokun arxa hissəsindən mərmər postament və topla adamın barelyefi götürülüb. Kubokun dayanıqlığını yaxşılaşdırmaq üçün onun gümüş bazası genişləndirilib. Postamentdə olan qalib ölkələrin adları kubokun arxasına köçürülüb. Yeni kubokun istehsalı Böyük Britaniyanın "Asprey London” şirkəti tərəfindən həyata keçirilib; onun dəyəri 30 min avrodan artıq olub.

Anri Delone Kuboku UEFA-nın mülkiyyətidir. Reqlamentə əsasən, çempiona kubok verilir və onu növbəti Avropa çempionatının seçmə turnirinin püşkatma mərasiminə qədər saxlayır.

10. AVRO-2024-ün favoriti kimdir?

Bukmeker kontorunun analitikləri qalibə aşağıdakı əmsallar təyin ediblər: İngiltərə - 4.20, Fransa – 4.30, Almaniya - 7.00, Portuqaliya - 9.00, İspaniya - 9.00. Türkiyə yığmasının çempionluğu 45.00 əmsalla qiymətləndirilib. Ən aşağı əmsal (400.00) Slovakiya, Albaniya və Gürcüstan yığmalarına verilib (qaynarinfo).

Nizami Bağırov

Digər Xəbərlər
Xəbər Lenti