"Mənim rəqibim yoxdur və bu, son şansımdır" - FOTOLAR

6 Aprel 2021 17:20 Digər növlər 985
"Mənim rəqibim yoxdur və bu, son şansımdır" - FOTOLAR

"Özümü yaxşı hiss edirəm. Çıxışımdan razıyam. İstəyimi həyata keçirərək yenidən çempion oldum".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "report"a açıqlamasında Rusiyanın paytaxtı Moskvadakı Avropa çempionatında qızıl medal qazanmış Azərbaycan ağırlıqqaldıranı Boyanka Kostova deyib.

59 kq çəki dərəcəsində çıxış edən 28 yaşlı idmançının fikrincə, "köhnə qitə"də ona rəqib yoxdur: "Mənim rəqibim Çin Taybeyindən olan Hsinq-Çun Kuodur.

Hazırkı Avropa çempionatında isə Rusiyanı təmsil edən Olqa Tyo normal ağırlıqqaldıran idi. Birinci yer uğrunda mübarizəni məhz onunla aparırdım. Yekunda o, gümüş medal qazandı".

Kostova pandemiya şəraitində hazırlaşmağın çətinlik törətdiyini, lakin bu problemlərə ciddi sinə gərdiklərini vurğulayıb. Artıq Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazandığını vurğulayan təcrübəli idmançı olimpiadaya da qızıl medal üçün yollanacağını bildirib: "Hazırda əsas hədəfim Tokiodur. Bu, olimpiadada son şansımdır. Mayın 10-da 28 yaşım olacaq. Hazırda idmançı üçün ən yaxşı yaş dövründəyəm. Zaman sürətlə keçir. Axı ailə qurmaq, övlad sahibi də olmaq lazımdır. 2024-cü il Paris olimpiadasında iştirak edəcəyimi düşünmürəm. Tokio olimpiadasında əlimdən gələn hər şeyi edəcəyəm. Azərbaycana qızıl medal gətirmək istəyirəm. Bunun üçün səylə, ikiqat qüvvə ilə çalışacağam".

4 qat Avropa çempionu bu il Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarına qatılmasının mümkünlüyünü də diqqətə çatdırıb. Bununla belə, Kostova islam dinini qəbul etməyi düşünmədiyini deyib: "Mən xristianam və belə də qalacağam. Dini dəyişmək günahdır. Bununla belə, İslam Həmrəyliyi Oyunlarında iştirak edə bilərəm, çünki Azərbaycan yığmasının üzvüyəm".

Bolqarıstanlı legioner heç bir dopinq təxribatından qorxmadığını da vurğulayıb: "Yalnız müsbət düşünmək lazımdır. İnanıram ki, problem olmayacaq".

Sonda Kostova Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti Cahangir Əsgərova, qadınlardan ibarət yığmanın baş məşqçisi Sərdar Həsənova, şəxsi məşqçisi Laçezar Kişkilova, Gənclər və İdman Nazirliyinə və ölkə rəhbərliyinə verdikləri dəstəyə görə təşəkkür edib.

Xatırladaq ki, Boyanka Kostova 2012, 2015 və 2016-ci illərdəki Avropa çempionatlarının və 2015-ci ildəki dünya çempionatının da qalibidir.

Digər Xəbərlər
Xəbər Lenti