Zaqatalada “Viktoriya”ya çevrilən “Qələbə”…

1 İyun 2020 23:40 Azərbaycan Futbolu 548
Zaqatalada “Viktoriya”ya çevrilən “Qələbə”…

“EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq…” sərlövhəli yazı elə gözlədiyimiz reaksiyanı doğurdu.

Redaksiyaya zəng edirlər, danışmaq istəyirlər, “feysbuk”da ayrı-ayrı şəxslər yazının müəllifini asıb-kəsirlər, hətta aşkar hədə-qorxu gələnlər, bizi sifarişli yazı yazmaqda suçlayanlar da var.

Bu mövzu ətrafında kimlər normal, mədəni səviyyədə polemika açmaq istəyirlərsə, redaksiyamıza gəlsinlər, qonağa qapımız açıqdı. Ancaq hədə-qorxu, şantaj üslubu bizlə keçməz, dostlar! İndi isə bir daha hədəfimiz və bizi hədəfə alanların gülünc iddiaları haqda.

Bəli, yazını baş redaktor olaraq, mən sifariş etmişəm. Hədəfim də o olub ki, AFFA-nın bayrağı altında keçirilən 10 yaş qrupu üzrə yarışlarda adlarla bağlı yaşanan biabırçı mənzərə diqqəti cəlb etsin, ictimaiyyət buna haqlı etirazını bildirsin.

Hətta deyərdim ki, Rəşad bu məsələnin üstündən bir qədər yumşaq keçib. Mən başqa adların da mənasını, Azərbaycanın dilinə, xalqına, keçmişinə, futbol ənənələrinə nə dərəcədə bağlı olduğunu bilmək istəyirəm.

U-9 liqasında “Leon”, U-10 liqasında “Stars United”, U-12 liqasında Zaqatalanı təmsil edən “Viktoriya” (“Qələbə” yox a!), U-13 liqasında “Veqa” var. Bu adların Azərbaycan dilinə nə dəxli? Hə, kimsə deyə bilər ki, ad önəmli deyil, əsas nəticədi (bir azdan bu məqama da toxunacam).

Əvvəla onu deyim ki, heç bir ad boş-boşuna yaranmır. Ad hər bir xalqın təfəkkürünün, milli şüurunun daşıyıcısıdı, onun elmi-mədəni səviyyəsini, dünyagörüşünü, psixologiyasını göstərir. Bu ifadə həm şəxs, həm də klub, müəssisə, biznes strukturlarının və s. adlarına aiddi.

Hətta dilçilik elmində sözlərin mənasını öyrənən “etimologiya” adlı sahə də var ki, internetdə axtarmaqla bu yöndə istənilən informasiyanı toplamaq mümkündü. Beləliklə, aydın oldu ki, məqsədimiz Azərbaycanda keçirilən futbol yarışlarında yad adlar altında çıxış etməyin yaratdığı biabırçı mənzərəni çatdırmaq idi.

Yazını süngü ilə qarşılayanlar şərhlərinə bir-birini taq etməklə bizə həm də onu demək istəyirlər ki, adımıza yox, nəticəmizə fikir verin. Dostlar, sizing işinizi qiymətləndirmək üçün meyar nədi? Təbii ki, ilk növbədə hər il ölkə çempionatının güclülər dəstəsində və ya 1-ci divizionda parlamalı olan, əsas və müxtəlif yaş qrupu üzrə yığmaları Avropa, dünya çempionatlarının final mərhələsinə daşıyası yeniyetmələr, gənclər?

Zəhmət olmasa, deyin görək, hardadı o gənclər? Azərbaycanın hansı yaş qrupu üzrə yığması son illərdə qitə, dünya çempionatlarının final mərhələsinə adlamaqla bizi sevindirib? Yoxsa ölkə çempionatının elitasında ab-havanı dünyanın dörd bir yanından gələn əcnəbilər yox, öz futbolçularımız müəyyənləşdirir, gözümüz belələrini görmür?

Təbii ki, mən indi, bu gün redaksiyadakı otağımda əyləşib, sizin uşaqlara nəsə öyrədib-öyrətmədiyiniz, yoxsa elə topu önlərinə atıb, “qaç, bala, qaç” deməyiniz ilə bağlı qəti hökm verə bilmərəm.

Heç şübhəsiz, nələrsə etməyə, aşağı yaş qruplarını maliyyələşdirən sponsorların pulu, ya da uşaqların ödəmələri əsasında formalaşan maaşınızı doğrultmağa, papağınızı günə yandırmadığınızı göstərməyə çalışırsız.

Amma ortada olan, görünən mənzərə budu ki, Azərbaycan futbolunun şərəfi bu gün əsasən legionerlərin çiyinləri üzərindədi, yaydakı avrokubok oyunlarında əsasən onlardan qəhrəmanlıq gözləyirik.

Mən də istəyirəm, arzulayıram ki, “Qarabağ”, “Neftçi” üçün qolları mahirlər, samirlər, məmmədlər vursun, zubirlər, miçellər, dabolar və başqaları yox.

Mən də istəyirəm və arzulayıram ki, gözümü dünyaya yumacağım günə qədər mahirlər, samirlər və məmmədlərin formasını geydiyi Azərbaycan yığması hansısa böyük turnirin final mərhələsində oynasın, üçrəngli bayrağım, əzəmətli himnim düşmənlərimizin bağrına köz kimi yapışsın. Məgər həyatda istədiyimiz və arzuladığımız hər şeyə çatırıq ki?

Əslində mövzunu bir qədər də uzada bilərəm. Amma iki məqamı da qeyd edib, bitirəcəm. Rusiyanın Yunoşeskaya Futbolnaya Liqa adlanan turnirində mübarizə aparan komandaların adını nəzərinizə çatdırıram.

Görün, burda bircə dənə yad ad varmı: “Konoplyov akademiyası”, “Dinamo”, “Zenit”, “Krasnodar”, “Lokomotiv”, “Master-Saturn”, “Rubin”, “Spartak”, “Stroqino”, “SŞOR Zenit”, ÇSKA, “Çertanovo”.

Və bir də “qaşqaldaq” sözündə hansısa təhqiramiz məna axtaranlar üçün “Azərbaycan dilinin izahlı lüğəti”ndən, başqa qaynaqlardan bu quşu tanıdan sözləri seçmişəm: “Əti yeyilən, qara rəngli, ördəyə bənzər su quşu.

Nə qədər qəribə görünsə də, bu kəlmə heyvanın alın hissəsindəki ağ ləkəni bildirən “qaşqa” sözü ilə kökdaşdı. Yuvalayan, ötüb keçən və qışlayan quşdu. Suyun altında, adətən, 10 saniyə, bəzən 2,5 dəqiqə qala bilir. Səsi gur “tuk-tuk”du”.

...Hə, dostlar, bitirəkmi? (Futbol+)

MAHİR

Xəbər Lenti