Səbail" oynadı, "Neftçi" vurdu

16 Mart 2021 19:00 Azərbaycan Futbolu 665
Səbail" oynadı, "Neftçi" vurdu

Fasilə öncəsi ağ-qaralara qələbə hava-su kimi lazım idi. "Qarabağ" 3 xalını qazanmışdı, turun son matçında növbə "Neftçi"nin idi.
Son turlarda flaqman ilk dəqiqələrdən bu qədər aciz görünməmişdi. Samir Abasov nə qədər Emin Mahmudovun yoxluğunu önə çəksə də, qarşılarında "Səbail" idi.
"Neftçi"nin bilərəkdən ikinci rolda oynaması da absurd səslənər. Heyətlərə gəldikdə Aftandil Hacıyevin gileylənməyə daha çox haqqı çatır. "Səbail" start fitindən "Neftçi"ni, bütün zonaları bağlamışdı. Bu azmış kimi, ərazi üstünlüyünü də ələ alaraq öz oyununu rəqibə diqtə edirdi. Həmişə olduğu kimi Rahid, yaxşı vaxtlarını xatırladan Əfran daha çox seçilirdilər. Oyunda yüzdə-yüz qol epizodları yaranmırdı. Adi vəziyyətdə Nağıyevin Namiqə şərait yaratması qolla nəticələndi. Müdafiəçi texniki səhv etmədi, büdrəmədi. Əgər bu Premyer liqadırsa, futbolçunun belə davranması sadəcə fərdi səviyyə fərqinin göstəricisidir. Namiq yaradılan, göydəndüşmə imkandan mükəmməl istifadə edib möhtəşəm qola imza atdı. Gözləmək olardı ki, vurulan qol "Neftçi"ni daha inamlı oynamağa sövq edəcək. Əksi baş verdi, "Səbail" daha da aktivləşdi. Bu dəqiqələrdə Honda kənardan baxıb elə bilərdi ki, çempionluğa yeni komandasından daha çox, rəqib oynayır.
Fasilədən sonra komandaların eyni oyun tərzi davam etdi. Matçın dönüş anı "Neftçi" qapısı qarşısında yaranan ikiyə bir qol epizodu oldu. Əfran İsmayılov irəliləyərək komanda yoldaşını ideal vəziyyətdə Aqil Məmmədovla təkə-tək çıxartdı. Səbailli qapıya zərbə, qol vurmaq əvəzinə topu artıq qol gözləyən Əfrana qaytardı.
Təcrübəli yarımmüdafiəçinin o anda daxili hisslərini anlamaq çətin deyildi. Az qaldı gedib gənc futbolçunun qulağından yapışıb bir sillə vursun.
Vurmayana vurarlar. Qollar gəldi, necə gəldi. Fərdi ustalıq keyfiyyəti yüksək olan ağ-qaralılarla bu dərəcədə açıq futbol oynamaq özünə suiqəsd idi. Monroz rahat qolunu vuraraq "skayboksa" yönələn alçaldıcı işarəsi ilə klub prezidenti Kamran Quliyevi ya optik mağazaya gözlərini yoxlatdırmağa, ya da binokl almağa göndərdi.
Laval isə hörümçək torunu nişan alıb üçüncü qoldan sonra Samir Abasovu qucaqlamağa qaçdı. Ay Kamran, sən hara, futbol hara ,baş məşqçi birtəhər komandanı cilovlayıb, imkan ver uşaqlar futbolunu oynasın. Bunu istəyirsən, millət qabağında Monroz sənə iki əlinin yumru ortasını göstərsin? "Neftçi" çempion olmasa, daxili ab-havanı pozan bir nömrəli günahkar sən olacaqsan.
Aftandil Hacıyev oyuna yaxşı başlasa da, özü də dediyi kimi, 65-ci dəqiqədən sonra nə baş verdiyini düşünsə də, günahı ilk olaraq özündə görməlidir. Baş məşqçinin bu matça B planı yox idi. Əvəzetmələrdə gecikildi. Məşqçinin beyni qarışdı. Buraxılan toplar necə təsir etmişdisə, nə etdiyini özü bilmədi. "Neftçi" "Səbail"i öz qapısına sıxmamışdı. Ən pis halda ikinci qoldan sonra iki hücumçuyla oynamaq olardı. Nə fərqi var, 3 top burax, ya 4-5, onsuz da elə də oldu. Bu oyunda Rauf-Yunanov tandemi öndə flaqmana başağrı ola bilərdilər. Oyunun gedişi bunu diqtə edirdi. Matçın ən yaşıılarından biri olan Əfranın meydandan alınmadı ilə "Səbail" dağıldı. Son 5-10 dəqiqəni "Neftçi" oyunu yola verməsəydi, Samir Abasov gəncləri meydana buraxmasaydı, hesab biabırçı 6-7 top fərqinə də çata bilərdi. Hər iki komanda top gəzdirir, oyunun birməsini gözləyir, baş hakim Kamal Umudlu da matça 5 dəqiqə əlavə edərək top atəşinin davam etməsini istəyirdi. Qarabağdakı günləri yadına düşmüşdü. "Neftçi" dedi 4 top da bəs edər.
"Neftçi", Samir Abasov, futbolçular qələbədən-qələbəyə özlərinə olan inamı artırırlar. Uzun fasilə flaqmanın işinə yaramalıdır. Honda nisbətən özünə gələr, komandaya adaptasiya olar, futbolçular da özlərinə gəlib psixoloji yükü üzərlərindən atarlar.
Düşən imkandan düzgün yararlanarlarsa.
"Səbail"in, Aftandil Hacıyevin isə fasilədə böyükhesablı məğlubiyyətin səbəblərini araşdırmağa vaxtları çox olacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 20:00 Çək və bizə göndər!
22 İyun 01:20 Musayev məğlub oldu