"Ümid edirik ki, belə xəbərlər, ümumiyyətlə, olmayacaq"

12 Mart 2020 17:52 Tokio-2020 643
"Ümid edirik ki, belə xəbərlər, ümumiyyətlə, olmayacaq"

"Fevral ayı koronavirusun yayılması xəbərləri ilə əhatə olundu. Nəticədə bu, yarışlara və ümumilikdə idman həyatına təsir göstərir.

Koronavirus ilk olaraq Asiya ölkələrində üzə çıxdı və bir çox tədbirin ləğvinə səbəb oldu. Sonra epidemiya böyüdü və Avropaya keçdi. Bu, bizim qitədə də tədbirlərin təşkilinə mane oldu".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Avropa Gimnastika İttifaqının (UEG) prezidenti Fərid Qayıbov qurumun rəsmi saytındakı şəxsi bloqunda yazıb.

Onun sözlərinə görə, həm idman gimnastikası üzrə Dünya Kubokunun, həm də digər yarışların koronavirusa görə təxirə salınması ilə bağlı qitə gimnastika qurumunda hər hansı məlumat yoxdur:

"Ötən ay gimnastika üzrə bir sıra yarışlar keçirildi. Onlardan biri də 15-16 fevralda Bakıda təşkil olunan və Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan batut gimnastikası üzrə turnir oldu.

Bunu 20-23 fevralda Melburnda keçirilən idman gimnastikası üzrə Dünya Kuboku müşayiət etdi. Hazırda bizdə Avropa qitəsində keçirilməsi nəzərdə tutulan Dünya Kuboku və digər yarışların təxirə salınması və ləğvi ilə bağlı heç bir məlumat yoxdur. Ümid edirik ki, belə xəbərlər, ümumiyyətlə, olmayacaq".

UEG prezidenti koronavirus epidemiyasının qarşısının alınacağına inandığını vurğulayıb: "Hərdən idman ruhu bizə təkcə oyun meydanında yox, həyatın üzə çıxara biləcəyi hallara qarşı mübarizədə də lazım olur.

Bütün ölkələr bu virusla mübarizə aparmaq üçün tədbirlər görür. Ümid edirəm ki, keçmişdə bir çox çətinlikdən keçən müasir dünyamız buna da qalib gələcək.

Bütün problemlərimiz dünya ölkələrinin ortaq səyləri ilə geridə qalacaq. Hamımız olduqca diqqətli olmalı, təhlükəsizlik tədbirlərinə riayət etməli və özümüzü qorumalıyıq ki, bununla da koronavirusun ətraf mühitdən sürətlə yox olmasına töhfə verək.

İstəyirəm ki, bu mövzu yaxın gələcəkdə son xəbərlərdən çıxarılsın. Sakitliyi qorumaq və vəziyyəti idarə etmək, görünür, təkcə oyun yox, "həyat meydanı"nda da vacibdir".

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!