Əlbəttə, Bakıdakı 1:6-dan sonra «Qarabağ»dan möcüzə gözləyən yox idi.
Pley-off cütünün favoriti öz işini gözümüzün qabağında, «Tofiq Bəhramov»da görüb getmişdi ötən həftə.
«Nyukasl» nə «Çelsi»dir, nə «Napoli», nə də «Atletik». «Qarabağ» onların əlinə, sadəcə, ən yorğun olduğu günlərdə düşdü.
Əsas mərhələni ilk «24-lük»də bitirərək pley-off mərhələsinə vəsiqə qazanmış «Qarabağ»ın elə bir hədəfi yox idi artıq.
Budəfəki rəqibinə yalnız fiziki gücdə uduzmadılar. Fərq həm də psixoloji və taktiki hazırlıqda özünü göstərmədi yalnız.
«Nyukasl» oyun ağlında 10 addım öndə olduğunu hər iki 90 dəqiqənin gedişində sübuta yetirdi.
Bakıdakı 1:6-dan sonra toparlanmaq «Qarabağ»a çətin deyildi, çox çətin idi. Bəndəniz də daxil, əksəriyyətimiz nə düşünürdü cavab matçından öncə?
Dua edirdik ki, kaş «Nyukasl» formallığa çevirdiyi bu oyuna bir qədər etinasız yanaşsın, meydana ikinci heyətini buraxsın, «Qarabağ»a 5-6 qoldan artıq vurmasın.
İlk 6 dəqiqədə qorxu canımızı götürdü. Təlaşlandıq.
Narahatlığımız bir az da artdı. «Bakıdakı tamaşanın davamı gəlir, özü də ondan betər gəlir» deyə, fikirləşmədikmi?
Çox acı yaşadıq bu dəqiqələr ərzində.
“St. Ceyms Park”ın aurası sıxdı «Qarabağ»ı. Ağzınadək dolu stadionları çox görüb «Qarabağ».
Amma bura bir başqadır, əsl cəhənnəm yuvasıdır.
Mağaranın qarşısını kəsərək, ağzını açaraq dayanmış əjdaha kimi «Nyukasl»ın «Qarabağ»ı «sürüməsini», mümkün qədər çox qol vurmasını gözləyən yerli tərəfdar ikinci hissədə bizimkiləri alqışladı.
«Qarabağ»ın erkən qollardan sınmaması, fasilədən sonra irəli atılması, açıq oyuna getməsi, iki dəfə fərqlənməsi ingilis fanatını az heyrətləndirmədi.
Bu, əsl sürpriz idi! Elə bizim üçün də.
Düzünü deyək, «Qarabağ»ın hesab arasındakı fərqi iki dəfə minimuma endirməsi ağlımıza gələrdi heç?
Abdullah Zubirin bərabərlik qolunu qaçırdığı o epizod… Eh, kapitan zərbə anını bir balaca gecikdirdi, sağ ayağını vaxtında «işə salmadı».
MUSA

