COP29

Zubir bu sualı eşitdi və gülümsədi: “Bəzən hər şey istədiyim kimi olmur”

11 Noyabr 13:00 Qarabağ 1 582
Zubir bu sualı eşitdi və gülümsədi: “Bəzən hər şey istədiyim kimi olmur”

“Bu cür güclü rəqibi səfərdə məğlub etmək həqiqətən adamı xoşbəxt edir. Əla gecə idi”.

“Qarabağ”ın fransalı vingeri Abdullah Zubir Sportinfo.az-a verdiyi açıqlamada komandasının Norveçdə əldə etdiyi möhtəşəm qələbəni bu sözlərlə şərh edib.

Noyabrın 7-də Avropa Liqasının Liqa mərhələsinin IV turu çərçivəsində baş tutan “Budyo Qlimt” – “Qarabağ” görüşünün (1:2) ilk yarısında Toral Bayramlı baxımlı qolla hesabı açsa da, ilk yarının sonlarına yaxın norveçlilər hesaba tarazlıq gətirdik.

69-cu dəqiqədə səhnəyə çıxan Abdullah Zubir usta vuruşla topu qapıdan keçirib yekun nəticəni müəyyənləşdirdi.

“10 nömrə” səfərdə qazandıqları qələbənin səbəbini deyib:

“Budyo Qlimt” həqiqətən çətin rəqibdir. Xüsusən öz meydanında inamlı təsir bağışlayır, bir növ keçilməzdir. Xarakter göstərməyimiz, sona qədər döyüşməyimiz qələbədə əsas rol oynadı. Bu qalibiyyət bizə çox lazım idi”.

Zubirin baxımlı qolu sosial şəbəkə istifadəçilərini dilə gətirmişdi ki, bəziləri sevincini “32 yaşlı Zubir min cavana dəyər” şəklində çatdırırdı.

Maraqlıdır, səbəbkar bununla bağlı nə düşünür? Özünü gənc yaşlarındakı kimi hiss edir?:

“(gülümsəyir) Heç vaxt yaşa önəm verməmişəm. Mənim üçün vacib olan komandama fayda verib, insanları sevindirməkdir.

Azarkeşlər haqqımda xoş fikirlər səsləndirirlərsə, bu, mənə motivasiya verir. Hər birinə təşəkkür edirəm.

Heç nə dəyişməyib, əvvəl necəydimsə, bu gün də o dərəcədə istəkli və həvəsliyəm. Əlimdən gələnin ən yaxşısını etməyə çalışıram.

Sadəcə, bəzən hər şey tam istədiyim kimi alınır, bəzən yox”.

15 qolla “Qarabağ”ın avrokuboklarda ən məhsuldar futbolçusu olan Abdullah Zubir 2018-ci ildən şərəfini qoruduğu komandada bütün yarışlarda meydana çıxdığı 282 matçda 64 qol vurub, 78 məhsuldar ötürmənin müəllifi olub.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
13 Dekabr 18:10 Çək və bizə göndər!
13 Dekabr 11:20 Bu işdə uğur var!