Bu ölkədə “Qarabağ”ı sevən 50 min adam yoxdur.
Heç 30 min də deyil.
Uzağı 1000-2000 nəfərdir, vəssalam.
Onlar da bilirsiniz kimlərdir? “Köhlən atlar”ın kubok və çempionat oyunlarında tribunalardakı yerini tutanlar.
“Şamaxı”yla qarşılaşmada stadionda “bayquş ulayırdı”. Kiməsə desəydin ki, meydandakı iki komandadan biri üç gün əvvəl “Ayaks”la qarşılaşmış “Qarabağ”dır, elə bilərdi onu ələ salırsan.
Protokolda azarkeş sayı 1000 nəfər göstərilib. Əminəm ki, sayın dördrəqəmli göstətilməsi “Qarabağ”ı dilə-dişə salmamaqdan ötrüdür. Əslində olan isə 300-500, ən yaxşı halda 700 idi. Gördüyümə inanım, yoxsa yazılana?
Əhalisinin sayı 10 milyonu keçən ölkədə “Qarabağ”ı canı-könüldən sevən adamlardır onlar. Hava proqnozuna baxmadan stadiona gəlib, 90 dəqiqə “Qarabağ” qışqıranlar əsl azarkeşlərdir.
Avrokubok oyunlarında peyda olanlar var ha, onlar əcnəbi sevdası ilə yaşayanlardır. Belələri stadiona “Ayaks”ın, yaxud “Bayer”in futbolçularını görmək üçün gəlir. Ya da “mən də stadionda idim” deyib, ətrafındakılardan geri qalmadığını göstərmək üçün.
Əks halda çempionat matçlarında niyə yoxdurlar? Bazar günü axşam saat 7-də, həm də şəhərin mərkəzində keçirilən oyuna baxmağa kimsə mane olur məgər?
“Qarabağ” sevgisi olsaydı, rəqibin adına baxmadan gəlib futbolçuları dəstəkləyərdilər. Juninyo da həminkidir, Medina da, Yankoviç də.
Bəs niyə gəlmirlər? Çünki saxta sevgidir, əcnəbi sevgisidir. Stadiona şəkil çəkdirmək üçün gələnlərdir.
HƏBİB / SPORTİNFO.AZ