
"Qarabağ"ın futbolçuları ötən mövsüm bütün turnirlərdə 6, son üç ayda isə 4 qırmızı vərəqə alıblar.
Sportinfo.az xəbər verir ki, son üç ayda vərəqələrdən biri Misli Premyer Liqasına, üçü avrokuboklara təsadüf edib.
Avqustun 2-də "Araz-Naxçıvan"a 4:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın I turunda cinah müdafiəçisi Elvin Cəfərquliyev 78-ci dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Çempionlar Liqasının pley-off mərhələsinin matçında da eyni hal yaşanıb. Bu dəfə digər müdafiəçi Kevin Medina "köhlən atlar"ı azlıqda qoyub.
Kolumbiyalı oyunçu Bakıda Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasına uduzduqları (0:2) cavab qarşılaşmasının 88-ci dəqiqəsində qarşısında ikinci sarı vərəqəni görüb.
Nəhayət, "Qarabağ"ın evdə Niderland təmsilçisi "Ayaks"a uduzduğu Avropa Liqasının oyununda iki futbolçu cəzalandırılıb.
Liqa mərhələsinin III turunun görüşündə Julio Romao 15-ci dəqiqədə birbaşa qırmızı vərəqə alıbsa, Elvin Cəfərquliyev 79-cu dəqiqədə ikinci sarı vərəqədən sonra meydandan kənarlaşdırılıb.
"Qarabağ"ın üzvləri ötən mövsüm bütün turnirlərdə 6 belə halla üzləşiblər. Bunlardan ikisi Misli Premyer Liqasına, biri Azərbaycan Kubokuna, üçü isə avrokubok matçlarına təsadüf edib.