“Qarabağ”ın kapitanı: “Bu, Romaoya “dərs” olacaq, böyümək lazımdır”

28 Oktyabr 2024 20:40 Qarabağ 4 225
“Qarabağ”ın kapitanı: “Bu, Romaoya “dərs” olacaq, böyümək lazımdır”

“Qarabağ”ın “Ayaks”a məğlub olduğu oyundan sonra (0:3) futbolçuların danışmağa söz tapa bilməməsi anlaşılan idi.

Julio Romao komandasını pis vəziyyətdə qoymuşdu deyə, yenilgiyə əsas səbəb kimi “6 nömrə”nin “qırmızı” almasını göstərməliydilər.

Bunu isə heç kim etmək istəmirdi. Yalnız kapitan Bədavi Hüseynov Sportinfo.az-a müsahibə verməyə razılaşdı.

- Avrokuboklarda ardıcıl 5-ci məğlubiyyətlə üzləşdiniz. Nə deyə bilərsən?

- Çoxdandır hansısa məğlubiyyət mənə bu cür təsir etmirdi. Özünüz də gördünüz, oyuna necə həvəslə başladıq, qol vurduq, sayılmadı, epizodlar yaratdıq. “Ayaks”a qapımıza yaxınlaşmağa imkan vermirdik. Qırmızı vərəqə bütün planları alt-üst etdi. Ancaq yenə də nəsə etməyə çalışırdıq ki, oyun intizamına riayət edək. Bu səviyyədə rəqiblə oynayırsansa, ələ düşən imkanları boşa verməməlisən, hər epizodda diqqətli olmlısan. İkinci “qırmızı”dan sonra artıq hər şey məlum idi.

- Romao kimi peşəkar futbolçu “Ayaks”a qarşı oyunda o cür uşaq səhvini necə edə bilər axı?

- Razıyam, razıyam. Nə bilim, nə deyim axı. Bəlkə də soyuqqanlı davranmaq istəyirdi, bəlkə də topu qəbul edərkən müvazinətini itirdi. Bu, ona “dərs” olacaq, futbolçu kimi böyümək lazımdır. Böyük klublar bu cür səhvləri bağışlamır. Romao təcrübəli futbolçudur, haradasa bağışlamaq, başa düşmək olar. Ancaq bundan sonra diqqətli olmaq mütləqdir.

- Hakimlə tez-tez ünsiyyətdə olurdun. İdarəçiliyi barədə nə deyə bilərsən?

- Hakim bugünkü oyunu rəsmən məhv etdi. Kevin Medina ilə rəqib futbolçunun çiyin-çiyinə mübarizəsində onların xeyrinə penalti verir, ancaq Juninyoya qarşı eyni hərəkətə görə “davam” deyir. Hətta Juninyonun epizodu daha ağırdır. Rəqib futbolçu ona qarşı iki əllə sərt oynayır. Matçın əvvəlində vurduğum qolu ofsayda görə qeydə almadılar. Ona da diqqətlə baxmaq lazımdır. Bilmirəm, necə baxırlar, necə qərar verirlər, ancaq belə olmaz.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti