"Qarabağ" Premyer Liqada növbəti qələbəsini aktivinə yazdırdı.
"Şamaxı" üzərində əldə olunan böyük hesablı qələbəni (3:0) Olavio Juninyo tribunadan, Abdullah Zubir və Mateus Koxalski son qədər ehtiyat skamiyadan izlədisə, Yassin Benzia ilə Marko Yankoviç yalnız son 10 dəqiqə üçün meydana ayaq basdı.
Bir də avrokuboklarda Qurbanova lazım olmayanlara baxaq...
Redon Cica 10 turluq fasilədən sonra "qol orucu"nu pozdu. Meydana daxil olandan 4 dəqiqə sonra.
Nəriman Axundzadə fürsətləri sağa-sola xərclədi.
Aleksey Kaşuk penal qazandırdı, asistlə yadda qaldı.
Aleksey İsayev növbəti dəfə 90 dəqiqə meydanda oldu.
Tək "Şamaxı" ilə matçı yox, aşağı-yuxarı Premyer Liqanın bütün matçlarını "Qarabağ" bu tempdə keçirir. Əgər buna temp demək olarsa...
Və bu şərtlərlə "köhlən atlar" zirvədə olmağa davam edir. Ən yaxın rəqibini 3 xal qabaqlayır. 1 oyun az keçirməsinə rəğmən.
"Sabah" və "Zirə" kimi iddiaçılarla arasında 10 xal, özündən sonra ən böyük büdcəyə sahib "Neftçi" ilə isə 18 xal fərq yaranıb.
5 gün əvvəl 32000 azarkeşin cəm olduğu Tofiq Bəhramov adına Respublika stadionunda bu dəfə iynə yox, göydən nə atsan yerə düşərdi.
Bu, Avropa səhnəsi ilə daxili meydanda başverənlər arasındakı uçurumun real mənzərəsidir.
Bu gün Zubir, Juninyo, Yankoviç, Benziya kimi adlar Premyer Liqa üçün "Qarabağ"a "yük"dü. Onlarsız da əksər qarşılaşmalarda keçinə bilərlər.
Qısası, azarkeş, yerli futbolçu, legionerlər, rəqib komandalar böyümür. Futbolumuzda hər şey yerində sayır. Amma içimizdən çıxan böyük bir kütlə "Qarabağ" niyə daha da böyümür?" - deyir.
Təəssüf ki, "Qarabağ"ın daha da böyüməsinin "Ayaks"la oyunlardan yox, məhz bu matçlardan keçdiyini anlamırlar.
Ki, öncə "Zirə", "Sabah", "Neftçi" kimi kiçiklər böyüməlidir!
Milyonlar xərcləyib, əvəzində "Qarabağ"ın kölgəsində yatmalı deyillər.
Ağdamlılarla görüşləri tamaşaçı kimi keçirməli deyillər.
"Kəpəz", "Şamaxı", "Səbail" kimi büdcəsi məhdud klublarla bir tərəzidən xilas olmalı, ortaya fərq qoymalıdılar. Kiçik iddialardan azad olub, böyüməlidirlər!
XANOĞLAN İMANOV

