Bu axşam Londonda “Tottenhem”in önünə çıxacaq “Qarabağ”ın Bakıya qələbə ilə qayıdacağına kim inanır?
“Futbolda hər şey mümkündür” deyiminə əsaslanan qoy olsun 10, uzağı 15 nəfər.
Reallıq hissimizi itirməsək, Azərbaycan komandasının Premyer Liqanın iddiaçılarından birini, həm də ingilis azarkeşlərin gözləri önündə paltardəyişmə otağına başıaşağı yola salacağı möcüzə görünür.
Meydanın bir tərəfində futbolu yalnız “Qarabağ”dan ibarət olan, digər tərəfində futbolun yarandığı ölkənin təmsilçisi dayanacaqsa, əlavə şərhə nə gərək?
Təki o möcüzə yaşansın və Avropadakı qürur mənbəyimiz 90 dəqiqəni azı 1 xalla başa vursun. Hətta heç-heçənin özü belə, dünya mediasında böyük rezonans doğuracaq.
Azərbaycan futbolu deyəndə ağıllarda o qədər biabırçılıqlar canlanır ki.
Stadionların əksəri faciəvi durumdadır, klublar avrokuboklarda qapazaltı statusu ilə barışıb, uşaq futbolu yox dərəcəsindədir, xaricə gedən futbolçuların 80 faizi üstümüzə qayıdır, milli komandalar qol vuranda sevinirik, futbolun idarəetmə sisteminin bərbaddır.
Saymaqla bitməz.
Və belə bir ölkənin futbol ailəsindən çıxan “Qarabağ” bu gün İngiltərənin “göbəyi”ndə “Tottenhem”in qarşısına çıxacaq. Sanki qarışqa ilə filin mübarizəsini izləyəcəyik.
Bunun özü fəxr, bunun özü böyük işdir. Qapısından 3 yox, lap 5 top buraxsa da, yenə alqış qazanacaq. Odur ki, nəticəni kənara qoyub “Qarabağ”dan zövq alın.
Futbolu bu gündə olan ölkənin komandasının İngiltərə Premyer Liqasının layiqli təmsilçilərindən biri ilə qarşılaşması Azərbaycan futbolu adına bayramdır.
HƏBİB

