"Qarabağ" 1-2 top buraxsın və uduzsun, eybi yox!

26 Sentyabr 2024 15:00 Qarabağ 1 842
"Qarabağ" 1-2 top buraxsın və uduzsun, eybi yox!

Futbolun ədalətsizliyindən gileylənirik bəzən.

Bəyəm, bəxt həmişə insanın üzünə gülür?

Şans da onun kimi bir şeydir yəni. Üzünə güldüsə, yan baxıb keçməyəcəksən, birincisini, ikincisini olmasa da, mütləq üçüncünü dəyərləndirəcəksən, dəyərləndirməlisən.

Gör, «Qarabağ»ın futbolçuları belə gözəl məqamlarda «kanalları neçə dəfə qarışdırdı», saymısız heç?

Hər şey buradan başladı və burada da bitdi. «Dinamo» üst-üstə beşini vurdusa, «Qarabağ» da üst-üstə onunu göyə sovurdu.

Zubir və Patrik 2-3 metrdən topu qapı yerinə Mozambikə göndərirsə, yazıq futbol ilahəsi buna neyləsin?

«Dinamo» Bakıda futbol oynamadı. Bir bölümdə şahmat, bir bölümdə dama oynadı. Taktiki savaşda az xəta etməyə çalışdılar, yenə də o boşluqları verdilər.

Bizimkilərin ön «cəbhə»də həyacandan qaynaqlanan «dişsiz» oyunundan ruh aldılar, o ruhun gətirdiyi özünəinamla, sərbəstliklə Çempionlar Liqasında qruplara qalmağın həzzini yaşadılar.

Bu, ən yaxın keçmişdən yadigar qalan nümunədir. Artıq bu gün isə «Qarabağ» üçün yeni macəra başlayır.

Azərbaycan çempionu Avropa Liqasının Liqa mərhələsinə Londonda start verəcək. Heç şübhəsiz, rəqiblər arasında birinci olan

«Tottenhem» «Dinamo»dan qat-qat güclüdür. İngiltərə Premyer Liqasının ortababı zaqreblilərdən büdcə və heyət sarıdan üstündür. Onları çaya susuz aparıb, susuz gətirərlər.

Bir neçə «cəbhə»də mübarizəyə girişən londonluların ehtiyat skamyası kifayət qədər genişdir.

«Tottenhem»in başlıca məqsədi Premyer Liqada uğur qazanmaqdır, amma Avroliqaya da barmaqarası yanaşmırlar. Bunu baş məşqçi Angelos Postekoqlunun 2-3 gündür yerli mediaya verdiyi iddialı açıqlamalar da təsdiqləyir.

Avrokuboklara uğurlu start onlardan ötrü bir başqa əhəmiyyət daşıyır.

Premyer Liqanın son turlarında qeydə alınan nəticələrdən sonra azarkeşlərdə komandadan narazılıq artıb və «Qarabağ» üzərində qələbəylə bu umu-küsünü nisbətən səngitməyə çalışacaqlar.

Əlbəttə, bu, «Qarabağ»ın illər öncə qarşılaşdığı «Tottenhem» deyil, ondan daha güclüdür.

Həmin Harri Keyn hazırda «Bayern»in formasını geyinsə də, dəyəri onmilyonlarla ölçülən yeni simaları var və bu, çempionumuzun 90 dəqiqəlik işinin kifayət qədər çətin olacağını proqnozlaşdırmağa əsas verir.

Bir-iki topluq məğlubiyyət? Heç nə olmaz. «Qarabağ» çalışmalıdır ki, səfərdən böyükhesablı yenilgi ilə dönməsin. Bu müdafiə xətti Kevin Medinayla birgə zəifdir.

Yenə təəssüflənirik, çünki kolumbiyalı legioner London partisində iştirak etməyəcək.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti